Yeni tapılan "Aşıq Qurbani və Şah İsmayıl" dastnına əsasən mülahizələr

 

Dr.Məhəmməd İBADİ «Alışıq»

رئیس انجمن فرهنگی وهنری عاشیقلار آذربایجان شرقی

İran-Təbriz

این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید

 

 

Xülasə

 

Son vaxtlar əldə edilmiş "Aşıq Qurbani və Şah İsmayıl" dastanı əsasında aşıq Qurbaninin doğum tarixi daha dəqiqləşdirilir. Bu haqda tədqiq aparmış bir neçə tədqiqatçının nəzərindən fərqli olaraq, aşıq Qurbaninin ən azı 30 yaş Şah İsmayıldan boyük olduğu anlaşılır. Şah İsmayılın adının aşıq Qurbani tərəfindən qoyulması, göstərilir ki,  hələ o dövrdə də aşığın uşağa ad qoyma ənənəsi yaşayırmış. Onun Şeyx Heydər və Şah İsmayıl ilə münasibətlərinə işarə olaraq, Şah ismayılın saz-söz ustası olduğu qeyd olunur.  Həmdə dastanda deyilir ki, aşıq Qurbani məmləkətdə baş verən döyüşlərin olub-olmamasına məsləhət verən bir nəzər sahibi imiş.  Aşığın   Fərrux Yasar və Çaldıran döyüşündə iştirak etdiyi aydınlaşır.

 

Açar sözlər: Aşıq Qurbani, Şeyx Heydər, şah İsmayıl, sultan Səlim, Fərrux Yasar, Taclıbəyim, Çaldıran döyüşü, folklor, aşıq ədəbiyyatı, ad qoyma mərasimi.

Azərbaycan aşıq ədəbiyyatının professional ilk nümayəndələrindən biri kimi Qurbaninin adı çəkilir. Onun həyatı və nə vaxt anadan olması haqda əlimizdə tam dəqiq məlumat yoxdur. Qurbani dastanının Güney(5,335-336) və Quzey Azərbaycanda toplanan əksər variantarında, dastan birinci Şah Abbas səfəvi (hak: 1588-1629) dövründə ittifaq düşür. Bu variantlarda aşıq Qurbani Qara vəzirin əlindən İsfahana, şah Abbasın üstünə şikayətə gedir. Hətta prof. M.Qasımlı 10-dan artıq müasir və tanınmış ustad aşığın adın çəkir ki, onlar israrla Qurbaninin Şah Abbas dövründə yaşamasını vurğulayıblar.(8,477). Son vaxtlar əldə etdiyimiz "Aşıq Qurbani və Şah İsmayıl"(10)(12) dastanı bu haqda bir neçə qaranlıq məsələyə aydınlıq gətirir.

Akademik H.Arasli "Azərbaycan ədəbiyyatı tarixi"nin ilk nəşrində (1943-ci il) sonralar çap etdiyi "Aşıq yaradıcılığı" (3,960) kitabında aşıq Qurbaninin bir neçə şerinə istinad edərək onun şah İsmayıl Xətayinin müasiri olduğunu bildirir. Hətta folklorşünas M.H Təhmasib Qurbaninin Şah İsmayılın ölümü ilə bağlı yazdığı bir bənd maddeyi-tarixə işarə eləyib bu fikiri daha təsdiqləyir.(6,9) O  həm də aşıq Qurbaninin "gərək" rədifli  bu divani şerinə işarə eləyir:

Kufə əhli, bihəyalar şərmi-həyanı atdılar,

Adəm oğlu, yoldan çıxıb, bir-birin aldatdılar,

Qazilər də rüşvət alıb, şəriəti satdılar,

Bu divan ki, divan deyil, ədalət divan gərək!

 

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,

Yer üzünə qülqülə düşü ki ta oldu səhər,

Bir hüsnü cəmalın gördüm mən, ağlım itdi sərasər,

Pirim girib ol niqaba, getməyəydi cavan gərək.

 

Gərək biçarə"Qurbani" sən bu cəbrə dözəsən,

Əl uzaldıb o yasəmən bağdan bir gül üzəsən,

Yaşın yetirdi əlliyə, indi üz tut yüzə sən,

Əslimiz türabdandır, məskənimiz kan gərək.(6,9)

 

 

M.H Təhmasib belə qərara gəlir ki, bu şeir Çaldıran döyüşündən sonra 1514-ci ildə yazılıbdır. Şerin birinci bəndi Şah İsmayılın əsir düşmüş həyat yoldaşı Taclıbəyimin zorla başqasına ərə verilməsinə işarədir. Amma prof. Q.Kazımov məsələyə daha diqqətli baxıb şerin orta bəndindən bu nəticəni çıxarır ki bu divani, şah ismayılın ölümündən sonra 1527-ci ildə yazılıb. sonra şerin son bəndində "Yaşın yetirdi əlliyə, indi üz tut yüzə sən" misrasına barmaq qoyaraq yazır ki: “əgər Qurbani o şeiri yazanda 50 yaşı var idisə, onun doğum ili 1477-ci il ola bilər”(6,9 ta 13).

Amma bizim fikrimizcə Q.Kazımovun mülahizələrini tamamilə, qəbul etmək olmaz. Çünki ədəbiyyatda, şeirdə, xüsusilə folklorda, 50 ilə 100 konaminasia olaraq həmişə bir-birinin yanında işlənən saylardılar. Məsələn, belə bir atalar sözü var:

 

"Qoyunun oldu 50, adın oldu bəlli,

Qoyunun oldu 100, gir içində üz"

 

Və ya aşıq Alıda:

 

"yığdın bu dünyanın malın dövlətin,

50-ni aşırdın 100-ə nə qaldı"

 

Yəni bizcə, Aşıq Qurbani şeirində "yüzə" qafiyəsin işlətdiyinə görə ondan qabaq konaminasia olsun deyə "əlliyə" sayın işlətmişdir. Qəti şəkildə demək olmaz ki o zaman yəqin Qurbaninin 50 yaşı var imiş.

Adın çəkdiyimiz "aşıq Qurbani və şah İsmayıl" dastanında da H.Araslı, M.H Təhmasib və Q.Kazımovun fikirindən fərqli nəticə çıxır. Bu dastanda gəlir:

 »...Şeyx Heydər yuxuda gördü 3 göyərçin biri-birinin dalınca biri köynəyinin sağ qolundan, biri köynəyinin sol qolundan, biri isə yaxasından çıxdılar...üçüncü quş şeyx Heydərin çəliyinin üstündə oturdu.

Şeyx Heydər soruşdu:

 - Əvvəl de görüm sənin adın nədir?

Göyərçin dedi:

- Atam-anam nəzr eyləyib məni 5 adınan çağırsınlar: bir il Məhəmməd, bir il Əli, bir il Həsən, bir il Hüseyn.

Şeyx Heydər dedi:

- Bəs biri nədir?

Göyərçin dedi:

- O birisin haq aşığı Qurbani deyəcəkdir...

..yuxudan şeyx Heydər ayılıb yuxunu yozmaq üçün əmr verdi kəndbəkənd, şəhərbəşəhər Aşıq Qurbanini axtarıb tapıb gətirsinlər...

Aşıq Qurbanini tapıb gətirəndən sonra, Şeyx Heydərin yanında qalmalı oldu... Şeyxin 3-cü oğlu anadan olub, 4-il müxtəlif adlarla səslənəndən sonra, 5-ci il Aşıq Qurbani bu şeirlə onun adın İsmayıl qoydu.

 

... Qurbanidir haqqa sayil,

Nə veribsə ona qayil,

Adın qoydum şah İsmayıl,

Şahlar şahi dayaq olsun .10)(12)

 

Q.Kazımovun çıxardığı tarixə əsasən aşıq Qurbani 10 yaş şah ismayıldan böyük imiş. Halbuki bu dastana görə Şeyx Heydərin 3 oğlunun anadan olmasından ən azı 1 il qabaq Aşıq Qurbani Şeyx Heydərin əmrilə gəlib onun sarayında  qalmalı olur. Bu hesabla azından şah İsmayılın doğumundan (1487-ci il) 3 il əvvəl  Qurbaninin yetişmiş bir Aşıq təki 25-30 yaşı olmalı idi. Beləliklə,  onun doğum tarixi təxminən 1460-ci illər ola bilər. Yəni Şah İsmayıldan 30 yaş böyük olardı.

Burada başqa bir nəticə də ortaya çıxır. Demək, əgər Şah İsmayılın 5 yaşında adını Aşıq qoyursa, KDQ da qeyd olan təki ozanın uşağa ad qoyma ənənəsi azdan- çoxdan Qurbani dövründə də olmuşdur.

Bu ad qoyma mərasimi yəqin ki Şah İsmaylın  dörd yaşı olanda, anası və qardaşları ilə birgə Şirazda əsarətdən qurtarıb Azərbaycana qayıdan zaman baş verə bilərdi.

Dastanın bir varyantına görə (10) aşıq Qurbani Şah İsmayılın vəfatından (1524-ci il) sonra öz kəndlərinə qayıdıb bir neçə il sonra dünyadan köçmüşdür. Əgər onun ölüm tarixin  1530-ci il nəzərə alsaq, o təxminən 70 il ömr eləmişdir. Beləliklə Aşıq Qurbani  XVII əsrdə Şah Abbas dövründə yox, bəlkə XV-XVI əsrdə (1460-1530-ci illər) Şex Heydər və onun oğlu Şah İsmayıl və nəvəsi birinci Şah Təhmasb dövründə yaşamışdır.

Dastana görə Şah İsmayıl uşaq vaxtlarından aşıq Qurbanidən saz-söz dərsi alırmış.  »... Şeyx Heydərin kiçik oğlu İsmayıl Qurbaninin ağzından çıxanı barmağından qopanları bir-bir və yerbəyer götürürdü. Bunun istedadına Qurbani heyran qalmışdı...)«12).

Aydındır ki Şah İsmayıl  həm saz çalıb, həm də şeir deyərmiş. Bu haqda onun bir bənd şeiri ilə kifayətlənirik:

 

 

 Bir gün ələ almaz oldum mən sazım,

Əə dirək-dirək çıxar avazım,

Dörd şey vardır bir qarındaşa lazım,

Bir elm, bir kəlam, bir nəfəs, bir saz (4,28)

 

Əlbəttə, Şah İsmayıl üçün ustadsız saz çalıb, şeir demək mümkünsüz olardı. Dastanda qeyd olunduğu kimi, çox böyük ehtimala görə onun ustadı aşıq Qurbani ola bilərdi. Bunu da demək lazımdır ki, bu iş Şah İsmayılın 13 yaşınd, Təbrizdə hökumət qurandan sonra baş tuta bilərdi. Çünki Şah İsmayıl südəmər çağından 5 yaşına qədər anası və qardaşları ilə bərabər Şirazda əsarətdə olmuşdur. Sonra isə 12 yaşına qədər Gilanda gizlədilmişdir.

Dastanda maraqlı olan hissələrdən biri də Şirvanşahlar dövlətinin 36-ci hökmdarı Fərrux Yasarın (hak: 1465-1500) bir şerdə adının gəlməsidir.

Bu şerdə aşıq Qurbani Şeyx Heydərin məğlub olmağını başa düşüb, onun  Fərrux Yasarla döyüşə getməyinə mane olmaq istəyir:

 

»...Cəngə çağırıbsa o Fərrux Yasar,

Ona tay olmasın bizim hökmdar,

Qarşı-qarşı gəlib qılınc vuranlar,

Öldürən də bizik, ölən də bizik...12)

 

Bu şerdən də aydın olur ki, Qurbani Şeyx Hydər və Fərrux Yasar döyüşündə (1488-ci il) onunla birgə imiş.

Vaxtilə şeyx Heydərin Fərrux Yasarla döyüşməyin məsləhət bilməyən Qurbani,  illər sonra Şah İsmayılın qoşununu güclu görərək ona Fərrux Yasarla döyüşməyi  bir şerlə məsləhət verir.

 

»...Xalqı sitəmlərdən xilas etməyə,

Ümidlər sənədi xilaskar şahım.

Zalimdən məzlumun haqqın almağa,

Bəlkə sən olasan səbəbkar şahım...

 

...Yazıq Dərbəndlilər tora düşüblər,

Atəşə düşüblər, qorq düşüblər,

Qəddarlar əlindən gora düşüblər,

Qəm yemə "Qurbani" qurtarar şahım... .12)

 

 

 

 

Dastanın davamında Çaldıran  döyüşü başlamazdan əvvəl Qurbani Şah İsmayılı bu döyüşdən çəkindirmək istəyir. Hətta bu haqda onunla bir deyişməsi də söylənilir.

 

»Aşıq Qurbani:

 

Yalvarıram şah Xətyi bir dayan,

Qeyrət qulu, dağ viqarlı hökmdar.

Bu döyüşdə şər xeyirdən baş gələr,

Xalqı qoyma ahı-zarlı hökmdar.

 

Şah İsmayıl:

 

Vaxtında durmuşam, dayanmışam mən,

Yolumda sədd olub durma ay dədə.

Bu döyüşdə öləm qalam fərqi yox,

Çox da səbəbini sorma ay dədə... .12)

 

 

Göründüyü kimi, Qurbani bir dədə kimi Şah İsmayıl tərəfindən xitab olunur. Qurbani də şeirin son bəndində "ey mürşidim sözüm yerin almasa"(12) ona mürşidim deyə müraciət edir. Bu deyişmədən neçə nəticə çıxarmaq olar. Birinci: bu ki əgər Qurbani Şah İsmayıl tərəfindən dədə çağrılırdısa, onda o, dədəlik və ağsaqqallıq yaşında idi. Gətirdiyimiz faktlara əsasən onun təxminən ən azı 45-50 yaşı ola bilərdi. İkinci:  bu ki Qurbani həmişə bir məsləhətçi və uzaq görən haq aşığı kimi döyüşün olub olmamasına əvvəlcədən düzgün şəkildə məsləhət verirmiş. Bunu Şeyx Heydərlə Fərrux Yasar döyüşündə, sonra Şah İsmayılla Fərrux Yasar döyüşündə və ən axırda Çaldıran döyüşündə görürük. O Harada döyüşü məsləhət görmürdüsə döyüşə keçdikdə məğlubiyyət yaranırdı. Harada döyüşü məsləhət görürdüsə qalibiyyət əldə olunurdu.

Dastanın sonlarında da işarə olunur ki Qurbani bir sülh elçisi və ağsaqqal dədə kimi Şah İsmayılın məktubunu Sultan Səlimə çatdırır və onu bir gəraylı ilə Çaldıran döyüşündən çəkindirməyə çalışır. Bu gəraylı şeri bir zaman Təbriz-Qaradağ aşıqlarının çox oxuduğu şeirlərdən biri olubdur.

 

»Sən osmanlı sultanımsan,

Xətayidir şahım mənim.

Əgər çıxsan haq sözümdən,

Tutacaqdı ahım mənim.

 

Bu iş şeytan şər işidi,

Çuğul-kəzzab bişmişidi,

İki qardaş döyüşüdü,

Qardaş padşahım mənim.

 

Qurbanidir gələn şahad,

Kənd yurd olur, şəhər bərbad,

Bu döyüşdən qazanır yad,

Ey arxa pənahım mənim. «(12)

 

 

Həqiqətən aşıq Qurbani çox dərin bir düşüncə ilə bu gəraylıda iki qardaş, müsəlman və türk dövlətin döyüşməyin qınayır. O bu işi çuğul-kəzzab və yad adlandırdığı xristian qərb dövlətlərin hiləsi bilib. Çün onlar iki güclü müsəlman və türk dövlətindən ehtiyatlanırdılar.

 

Deməli bu dastanda(12) cəmi 10 şeir gedibdir k,i heç biri bu günə qədər aşıq Qurbaninin şerlər kitabına düşməyibdir. Adı gedən dastan aşıq Qurbaninin həyatı və yaradıcılığın öyrənməkdə və bəzi müəmmalı məsələlərə işıq tutmaqda çox əhəmmiyyətli bir tapıntıdır.

 

 

Ədəbiyyat:

 

  • Abbaslı T. Qurbaninin poetikası. Bakı. Təhsil nəşriyyatı. 2004
  • Aləmarayi-Şah İsmaylı. müqəddimə və təshih: Mənzərsahib əsğər, Tehran, Elmi və fərhəngi şirkəti nəşriyyatı. 1388 Günəş ili.
  • Araslı H. Aşıq yaradıcılığı. Bakı. 1960
  • Xətayi şah İsmayıl. Sazım. Bakl, Bakı universiteti nəşriyyatı. 1990
  • İbadi Məhəmməd "Alışıq". Aşıq Qurbani şeirlər, Təbriz, Əxtər nəşriyyatı. 1389 Günəşili
  • Kazımov Q. Qurbani. Bakı. Bakı universiteti nəşriyyatı. 1990
  • Kazımov Q. Qurbani və poetikası. Bakı. Təhsil nəşriyyatı. 2004
  • Qasımlı M. Folklor və ədəbiyyat araşdırmaları. Bakı. Elm və təhsil nəşriyyatı. cild 1. 2017
  • Rumlu Həsən bə Əhsən-ət-təvarix. Təshih və təhşiyə: Nəvayi Əbdülhüseyn. Tehran, Əsatir nəşriyyatı. 1389 Günəş ili
  • Sai Aşıq Hüseyn. Qaradağ-Təbriz Aşıq mühitinin ustad aşıqlarından. "Şah İsmayıl və Qurbani" dastanı
  • Sərvər Qulam. Tarixe Şah İsmayıl Səfə çevirənlər: Aram Məhəmmədbağır. Qəffarifərd Abbasqulu. Tehran. Mərkəze nəşre daneşqahi nəşriyyatı. 1374 günəş ili
  • Şəhbazi Aşıq Sə Miyana-Təbrizin ustad aşıqlarından. "Şah İsmayıl və Qurbani" dastanı

 

 

Some Remarks on Newly-found Shah Ismail and Ashiq Qurbani Story

Dr.Mohammad Ebadi ALISHIQ

Iran-Tabriz

 

Summary

The date birth of Ashiq Qurbani could be determined better based on newly-found copy of Shah Ismail and Ashiq Qurbani Story. Different from opinions of other researchers, it could be said that Ashiq Qurbani at least was thirty years older than Shah Ismail. Naming Shah Ismail by Ashiq Qurbani, shows that naming children by Ashiq was a tradition of that era. Considering the friendship of Ashiq Qurbani with Sheikh Heydar and Shah Ismail, it could be said that Ashiq was the master of Qopuz instrument and poetry for Shah Ismail. Moreover, in the story it is mentioned that Ashiq Qurbani's opinions and ideas were important about wars in the country and he was consulted in this regard. In addition to that he attended in Chaldiran and Farroukh Yasar wars.

           

 

Key words:  : Ashiq Qurbani, Sheikh Heydar, Shah Ismail, Sultan Salim, Farrukh Yasar, Tajlibayim,  Chaldiran war, Folklore, Ashiq Literature, Naming ceremony

 

Rəyçilər:

 prof. Səhər Orocova                               prof. Nizami Xəlilov