Ürək ağrısı

Soruşursan:

«- Niyə baba ağrır sənin ürəyin?»

Ürəyimi ağrıdanlar, mənim qızım az deyil.

Hansın deyim, hansı qalsın? Hansına sən dözərsən?

Sənindəki serçə qəlbin, mənimki tək saz deyil.

«Donuq olsa, durğun olsa» söyləmişdir Füzuli:

«Ürək deyil, parça buzdur, gər olmasa dərdmənd.»

Elə ulu dərd-ü qəm var, ürəyi də ağrıdar

İnsan var ki, vücudunu ney tək eylər bənd-bənd.

 

Elcə bilən vurğunları kimsə saymaz olanda,

Bir qəlbin yox, bir kəsin yox, bu dərdidir vətənin.

Şairlərn kitabları qoltuğunda qalanda,

Necə mənim qızıl qəlbim heç ağrıya düşməsin?

 

Düyünlənib topraqlarda anaların baxışı,

Yüz illər yol gözləyərmi bir el-ulus, bir millət?

Əsarət qandallarına dözərlərmi aslanlar?

Qeyrət kanı oğullardan görünməz mi bir qeyrət!

 

Başı uca millətimiz öz mənliyin unudur,

Əcnəbinin çirağına hey süzülür, yağ olur.

Əriməsi, tökülməsi dərələrə dağların,

Ürəyimdə, qızım mənim, hey dikəlir, dağ olur.

 

Kədərlətmək istəmirəm sənin doğum günündür

Gələcəyin qutlu olsun, aydın olsun günlərin!
İtirməsin siyadətin, başı uca yaşasın,

Yaxşı böyütsün evladın, bir gün görsün ellərin.

 

Məcruh qəlbim ağrısa da, qızdırırsan sən onu,

Qızım sənin doğum günün mubarək olsun bugün.

Son qələbə dözümdədir, dözür qartal ürəyim,

Gözləyirik gələcəkdə böyük zəfər, toy, düyün.

 

Bugün bayram eləyibsən, çalırsan, oynayırsan,

Hər kim sənin bayramına bir hədiyə gətirir.

Anan yenə kədərimi süzür mənim uzaqdan,

Çünkü baban şe′r payı ilə bu bayrama qatılır!

 

Sənə bugün qoltuğumda bir qalan şe′r gətirdim,

«Şeyx Məhəmməd» həmasəsin, qızım sənə yazmışam.

Mənim bu dövlətim – varım yenə nisgildir sənə

Kəlmələrin, ürəyimin lap dibindən qazmışam.

 

Başı uca alimimiz sərələnərkən yerə

Dedi: «Eşqə, fəzilətə, düzgünlüyə vurulun.

Hər havaya oynamayın əcnəbiyə xoş gəlsin,

Mənim təki eşq oduna yanın, dözün, durulun.»

 

Oxu qızım, oxu qızım, Şeyx Məhəmməd nağılın,

Soruşma day: «niyə baba ağrır sənin ürəyin?»

Ürəyimi ağrıdanlar mənim qızım az deyil,

İndi birin söyləyirəm, dinlə, qulaq as dərin:

 

Xamnə

«Şəbüstər»dən qıraqda, gün batan bölgəsində,

Şeyx Məhmudun sözündə, səsində, nəfəsində,

Yüz illər bundan qabaq verdiyi ilqar üstə,

Qərib bir nəğmə yaşar, qəmli duyğular üstə,

Ürəyinin başından dənizə pəncərə var,

Sonsuz səmani onun üzünə hər gün açar.

«Mişov» qucaqlamışdır, dərya qədər qussəsin,

Qoynunda saxlamışdır zəman sarsıdan səsin.

Min dörd yüz illik çinar nəğməsidir bu şəhər,

Qərib qəmli duyğunun gur səsidir bu şəhər.

Öz əyninə geyəndə qəriblik yapıncını,

Göz önünə gətirir düşmənin qaxıncını.

Mişov bütün islanır, gözlərindən yaş axır,

İldırımlar şaqqıldlr, çinar göylərə baxır.

Göylər bütün qapqara, nə ulduz var nə də ay,

Nə ağlayış duyulur, nə səs səmir, nə bir hay.

Susğunluq bürüyübdür bütün qayalıqları,

Qəm kərvanı yüksəlir «Xanmə»dən dağa sarı.

Mişov dağı, şimaldan, Urmu gölü cənubdan,

Qoynunda becərirlər Xamnəni, sanki bir can.

«Təsuc» gilanarlığı solda, «Şəbüstər» sağda,

Qıvrım-qıvrım bəzəyir göyçək üzün hər çağda.

Dalını vermiş dağa üzün dənizə açmış,

Ağır qara matəmin düzəngahlığa saçmış.

Şeyx Məhəmmədi doğmuş, becərtmiş, həm itirmiş,

Həm sevinc, həm bərəkət, həm də sukut gətirmiş.

«Baqir Abad», «Hac Hüseyn» məscidlərin savuşdum,

«Hac Əhməd» küçəsinin başında atdan düşdüm.

Deyirlər ki o şeyxin burada idi evi,

Burda doğmuş yaşamış, burda sürümüş ömrünü.

Qanalıqlar, almalıq, armudluqlar, güllüklər,

Bürümüş bir baxçada, onu görərmiş ellər.

Sən bu dar küçələrdə şair nə axtarırsan?

Tə′zim et, qoy sarsılsın həqqə bağıran şeytan.

Həqq hara, həqq söz hara, Allah hara, din hara,

Ürəyimə vurur o, yara üstündən yara.

Otur, axşam çağıdır, gün yönəlir batmağa,

Səni aparacağam yüz il qabaqki çağa.

Sil könlünün pasını axıt gözün yaşların,

Bax qızaran şəfəqə, düyünləmə qaşların.

Səksən il bundan qabaq Xamnə günəşi batdı,

Bir satqın dinsiz köpək, Şeyx Məhəmmədi satdı.

Ürəyində nə aşub, ay şair! nə üsyan var,

Darıxma, otur ağla, yoxsa vaxtın daralar.

Sən hələ yazmalısan qəhrəmanlıq dəstanın,

Həmasələr yaradan şanlı Azərbaycanın.

Yaz, xainlərdən danış cinayətlərdən söz aç,

Günəş əsrarın söylə, qaranquluqlardan qaç.

Otur burda, bu küçə müqəddəsdir sənin çin,

Bu ana caddəsidir, şahrahıdır vətənin.

Şeyx Məhəmməd Xiyabani addım basmış buraya,

Otur ağla, heç tərpənmə, hara gedirsən, hara?

Üsyanlı imanların caddəsidir bu küçə,

Saf eşqin şərbətidir, badəsidir bu küçə.

Düşüncənin, arzunun diləklər səhifəsi,

Azadlıq əsrarıdır, fəzilətlər nəğməsi.

Öpmüşdür ayaqların Şeyx Məhəmmədin bu topraq,

Duymuşdur ümidlərin dutmuşdur ondan soraq.

İki rək′ət namaz qıl, alnını toprağa qoy,

Təkəbbür qabığını gəl ürəyindən soy.

Qoy aparım tarixin əngin küçələrinə,

Qulaq as Şeyx Məhəmmədin üsyan dolu sinəsinə.

Gör necə me′rac etdi savaşlar meydanından,

Cəbrail qanadın da ötdü, keçcək canından.

Urmu gölün bəzədi, Mişovdan qanı axdı,

Xamnə qanlı çiçək tək qəmli-qüssəli baxdı.

Qərib bir nəğmə kimi verdiyi ilqar üstə,

Qəmli duyğularını dağıtdı dəstə-dəstə.

Gedək tariximizin gəl bir döngələrinə,

Qulaq asaq zamanın gizli təranəsinə:

 

Doğum

Köksündə həyəcən, gozündə ümid,

O gün sevinirdi Hac Əbdülhəmid.

Otaqda gedirdi oyan buyana,

Bilmirdi neyləsin, baxsın hayana.

Bayırdan gözünü tikdi Mişova,

Boğazından qopdu qəmli bir nəva.

Sələvat çevirdi, oxudu dua,

Bərəkətlər gəlsin, savuşsun bəla.

Üfüqdə saralıb günəş batırdı,

Səhənd ətəyində dünya yatırdı.

Xamnə əhli kəndə gəlirdi dağdan,

Səs səmir kəsilib susurdu həryan.

Gecə sallanırdı, qaş qaralırdı,

Qaranlıq ətrafı sarıb alırdı.

Qadınların hayı gəlirdi yandan,

Ağrılar çəkirdi «Rüqəyyə Sultan».

Bir qadın oyandan sevincək qaçdı,

Hac Əbdülhəmidin qapısın açdı.

Dedi: «- muştuluq ver, bir oğlun oldu»

Hac Əbdülhəmidin gözləri doldu.

Qaldırdı göylərə sarı başını,

«Şükür Allah!» dedi, töküb yaşını.

Yerinə gətirdi şükür səcdəsi,

Ayələr oxudu, ucaltdı səsi:

«- Fətəbarəkəllah» dedi: «- Ya Allah,

Sənin öz bildiyin yaxşıdır, Billah»

Dünyada yaratmaq işindir sənin,

Sənin əbdin olmaq borcu bəndənin.

Xəyalda göyləri ziyarət etdi,

Birdən huşdan çıxıb özündən getdi.

Allah bəxş etmişdir, bir oğul ona,

Allahın vergisi gələrmi sana?

 

Ad qoyma

İki üç gün sonra qohum qonşunu,

Bir araya yığdı Hac Əbdülhəmid.

Şadyanalıq etdi çay şirni verdi,

Gözlərində sevgi könlündə ümid.

 

Xamnənin ən alim mallası gəldi,

Səlavat göndərsin, oxusun Qur′an.

Hac Əbdülhəmidi dua eyləsin,

Ona çox görməsin uşağı dövran.

 

Adını «Məhəmməd» qoydu uşağın,

Oxudu əzanı sağ qulağına.

Qədəmi xeyrdir, yeydir söylədi,

Dedi iqaməni sol qulağına.

 

Seçmişdir o malla ən gözəl adı,

Anası bir rahat nəfəs çəkirdi.

Gözlərini yummuş rüyalarında,

Gələcək həyat çün çiçək əkirdi.

 

Ana bir gerçəkdir, danılmaz gerçək,

«Ana həqqi Tanrı həqqi» demişik.

Ana həqqin ayaq altına salsaq,

Zülm edib Tanrının həqqin yemişik.

 

Seyr eylə rütbəsin bax məqamına,

Tanrı analara vermiş cənnəti.

Oğlu boya-başa çatana qədər,

Ana qəbul edir hər əziyyəti.

 

Ananın kəmalı, ana idrakı,

Me′raca yüksəldər oğulu qızı.

Ana sütü təmiz olarsa, oğlu,

Fəth edər günəşi, ayı, ulduzu.

 

Fəzilətli ana, təqvalı ana,

Müqəddəs arzusun toprağa verməz.

Nur yağar ananın yan-yörəsindən,

Şeytan saf sevginin qoynuna girməz.

 

Hekmət bulağımış sözü anamın,

Nağıllı nəğməsi, təranələri.

Öyüdü, duasi, hərbə-zorbasi,

Qulağımda qalıb illərdən bəri.

 

Mə′nəvi dünyası, həyatı parlaq,

Nəğməsi ilahi, sözü ilahi.

Yüksək zirvələrdə yaşayır anam

Diləyi ilahi, özü ilahi.

 

İlahi movhibət, ilahi vergi,

Sənindir, mənimdir bacım, qardaşım.

Belə bir zirvədən qopub gəlirik,

Yadlar qarşısında ucalır başım.

 

Ana ilə tək başına

Gün bə gün yüksəldi Məhəmməd, qızım!

Dörd yaşlı, beş yaşlı bir oğlan oldu.

Köksü söhbət dolu xan anasının,

Hikayətlərilə qulağı doldu.

 

Yazın o selləmə yağışlarında,

Qışın çovğun dolu çən havasında,

Yayda, güzdə, yazda, payızda, qışda,

Hər nəyi görürdü öz anasında.

 

Təqvalı anası lap tək başına,

Üç-dörd il oğlunu tərbiyə etdi.

Bir neçə il sonra, «Maxaç Qala»da,

Atanın ticarət işləri bitdi.

 

Xamnəyə gəlincə oğlun çağırdı,

Üzün gözün öpüb bağrına basdı.

«- Dağıstana baba məni də apar»

Məhəmməd ağladı, o qulaq asdı:

 

«- Baba, dünən səni yuxuda gördüm,

Mənə dərs deyirdin məktəb xanada.

Dövrə oturmuşduq həsirlər üstə,

Bütün uşaqlarla, mən də, ana da»

 

Məktəbdə

Xamnənin büsbütün məscidlərində,

Uşaqlar dərs oxur həsirlər üstə.

Məscidlərdə hər gün şərbət verilir,

Axundun altına xalça sərilir.

Əbcəd, həvvəz, hütti bir-bir oxunur,

Gələcək çün canlı xəyal toxunur.

Dərslər üç səthdə məsciddə gedir

Uşaq bir-birilə rəqabət edir.

Birinci səthdə: oxur Cüz Əmmə,

Hərəkəni, hərfi öyrənir birdə.

İkinci səthdə: «Ana dili»ni,

Oxuyur, tanıyır şanlı elini.

«Rüşdiyyə» yazmışdır gözəl xəttilə,

Yaymışdır hər yana oxunsun deyə.

Üçüncü səthdə: Qur′an deyirdi,

Axund hekmət verir, din öyrədirdi.

 

Ata Məhəmmədi qoydu məktəbə,

Yönəlsin Qur′ana, elmə, ədəbə.

Məhəmməd bir ildə həm Cüz Əmməni,

Oxudu, bitirdi həm Çərəkəni

Uşaqlardan bütün qabağa keçdi,

Cəhalət kökünü bilgiylə biçdi.

«İki səthə» keçdi səkgiz yaşında,

«Ana dil» oxudu, kürsü başında.

«Hac Mirza Həsən Rüşdiyyə» kimi,

Danışdığı təki bütün sözləri,

Yazırdı lövhəyə, ney qələmilə,

Dilin öyrənirdi axund əlilə.

Məhəmməd gəl oğlum, oxu bu sözü,

Bir gün ona dedi axundun özü.

Məhəmməd oxudu: uşaqlar, hazir!

«Həsənebne Məhdi Rüşdiyyə» yazır:

 

«Bir çəmənzar, bir gözəl otlaq,

Olmuş idi iki öküzə yataq.

Otlamaq istəsə, otu var bol,

Ərsəlan oldu haldan agah,

İstədi olsun onlara həmrah.

Yə′ni otlaqda məqam etsin,

Anları öldürüb təam etsin.

Vermədilər öküzlər ona məcal,

İttifaq etdilər, olub həm-hal,

Şir həmlə edəndə şəb ya ruz,

Göstərirdi olar ona buynuz.

Şir gördü ki olmayır çârə,

Hiyləyə üz çevirdi biçarə

Yanlayıb anların birini yavaş,

Dedi: «- Bənd olma yoldaşa, qardaş!

Otla səhrayı, gəz gilən tənha,

Sənə məndən olur himayətha!

Əsər etdi öküzə şir sözü,

Yağlı sözlərlə axdı pil gözü.

Oldu bu sözlə yârdan tənha,

Etmədi meyl yoldaşa, əsla.

Şir çün yâri eylədi əğyar,

Tək bə tək etdi onları murdar.

Budu məqsud qissədən hissə,

Müttəfiq qovm çəkmədi qüssə.»

»

 

Axund dedi ona: «-Oğlum, afərin

Dərsini oxudun çox şirin, şirin.

Atava anava mubarək olsun,

Onların ürəyi sevinclə dolsun.

Səni xələf etsin həqq-i təala

Bərəkətlər olsun, sənə, ay bala.»

 

Sonra axund ona dedi nifaqdan,

İttifaq, ittihad, həm də şiqaqdan.

Qur′anda ayələr gətirdi ona,

Allahın buyruğu gələr mi sana?

Həm zülmdən danışdı həm də ədldən,

Məhəmməd axunddan öyrəndi hər fənn.

Üçüncü səthdə, «Muxtar namə»ni,

«Nisabi», «Mö´cəmi», həm də «dürrə»ni,

Oxudu, öyrəndi Əcəm dilini,

Xidmətə, bağladı o öz belini.

Əcəmcə öyrənmək fərz olmuş bizə

Keçmişdən bu imiş adət Təbrizə.

Əcəmcə yazanlar böyük şâirlər,

Hər fəndə elmdə dildə mâhirlər,

Türklər arasında yetişmiş, çıxmış.

Özgiyə ev tikmiş, öz evin yıxmış!

İşin bir üzündə sevinc olsada,

Dalğalı ürəyim razı qalsada,

O biri üzündə bir acı qəm var:

«Yanıq Kərəm» ilə bir də «Dilqəm» var.

Özgiyə «Nizami» bəsləmiş elim,

Dillərə sərkərdə olmuşdur dilim.

Vəlakin çox murdar satqın novçələr,

Düşmənliyə Türkü-Əcəmi çəkər.

Türk-Fars düşmənliyin təbliğ edirlər,

Novçələr, «Kəsrəvi» yolun gedirlər.

 

Bir hekmət söylənir min ildən bəri:

«Farssız Türk olanmaz!» dillər əzbəri.

Bir-birə bağlanmış taleimiz bax,

Bunu duymalıyıq dərindən, ancaq.

Atalıq etmişdir babalarımız,

Farsa da, Kürdə də, gəl inan, ay qız!

Amma ki kimsənin dilin kəsməmiş,

Tarixin danmamış, elin basmamış.

Yaratmış Kürdə də tarix, Farsa da,

Mədəniyyət vermiş, o, köçmüş hara.

Başların əyməmiş heç zaman yada,

Satqınlar onlara dönük çıxsa da.

Məzlumdan himayət etmiş babamız,

Sığınma qalası olmuşdu Təbriz.

Tarix addımlamış sabaha sarı,

Türk addımlarilə hər ilk baharı.

Hər Türk insanlığın dadlı mivəsi,

Cəsarət nəğməsi, şücaət səsi,

İyidlik rəmzidir, həyat qoxusu,

Düşüncə ağacın bir suvaran su.

Qolları qandalda olsa da belə,

Azad ilqarını verməmiş ələ.

 

Ürəyim doludur, yazaram sonra,

Keçək Şeyx Məhəmməd uşaqlığına.

On iki yaşına çatan zamanda,

Məktəbi qurtardı baba yurdunda.

Qur′an öyrənmişdi, bilirdi əhkam,

Şe′r söyləyirdi, alırdı çox kam.

Ədəbiyyat, tarix, əxlaq oxumuş,

Biz oxuyanları, çoxdan toxumuş.

Görcək bu haləti Hac Əbdülhəmid,

Oğluna bağladı dəryaca ümid.

Savadlı, bilikli yeni yetməni,

Çağırdı yanına söyləsin bunu:

«- Sən oğlum olubsan yetgin bir cəvan,

İndi ticarətə əl qoymalısan.

Dağıstana sarı, Maxac Qalaya,

Gedəlim orada zövqünü sına.

Ticarət işinin öyrən əsrarın,

Çoxalsın bu işdə qazancın, varın.»

«- Atası sözündən çıxmaz o», dedi

Anası, başmağın geyimin verdi.

Xamnədən səfərə çıxdı Məhəmməd,

Səfər əsnasında pişəcək əlbət.

 

Ticarət xanada

Bir neçə ay qaldı Maxac Qalada

Ticarət işinə baxırdı orda.

Hesabın saxlırdı alış verişin,

Seyr edirdi orda zaman gedişin.

Ruslara yanaşı Dağıstanlılar,

Çeçenlər, Tatarlar, həm Osmanlılar,

Azərbaycanlılar ilə birlikdə,

Gəmilər salırdı hər gün dənizə.

Məhəmməd zəkali bir cəvan kimi,

Sezirdi baş verən hər mərasimi.

Sünnini, şiəni, vəhhabiləri,

Orda seyr edirdi gözətçi təki.

Nahəqqi ataraq, həqqi seçirdi,

Həqiqət şərbətin çəkib içirdi.

Uca əzan səsi minarələrdən

Yüksəlirdi hər gün göyə şəhərdən.

«Dərbənd» şəhərindən gələn şiələr

Orada, məktəb də tə′sis etmişlər.

Şəriət elmini oxuyuyurdular

Təfsir edirdilər Qur′an, şar-ha-şar.

Həm «Kəşf əl-Həqayeq», «Təfsir əl-Bəyan»

Həmi də «Təfsir ən Nəkt əl-Qur′an»

Təməli qurulur, sözü yazılır.

Ürəklər içində şərhi qazılır.

Gözləyirdi gələn əyyam bunları,

Çap olsun, yayılsın hər yana sarı.

Gözləyirdi dövran «Ne′man zadə»ni.

Yaxşı dinləməli oxucu bunu.

Dağıstan «Şeyx Şamil» yurduna dönmüş,

İndi xəsm əlilə çirağı sönmüş.

 

Dağıstan İslamın bayraqdarıdır,

Təqva dünyasının ilk baharıdır.

Fəzilət mülkünün mərkəzi olan

Dağıstan yada ki Azərbaycan,

Əskidən dayanmış düşmən önündə,

Rusa, Erməniyə dözmüş, o gündə.

Dağıstan mülkünə gedəndən bəri,

Məhəmməd gəzirdi bütün yerləri.

Məscidi, kilsəni, camei gördü,

Zehnində düşüncə dünyasın hördü.

Oxumaq həvəsi, öyrənmək meyli.

Onu eyləyirdi narahat xeyli.

Düşmən qarşısında dayanmaq üçün,

Məzlumlar oduna həm yanmaq üçün.

Dərin biliklərə yiyələnməyi,

Zəhməti, yazmağı həm də əməyi.

Sevirdi Məhəmməd, şirin can kimi,

Bunu bəsləyirdi bir iman kimi.

Bir neçə ay sonra, dedi ucadan:

«Qala bilmirəm mən burda, atacan!».

Atası duymuşdu ruhiyyatını,

Acılı etmədən heç ovqatını,

Dedi: «- olsun oğlum, aparram səni,

Görərsən bir daha gözəl Xamnəni.

Təbrizə yollaram birdə səni mən,

Orda oxuyarsan hər nə istəsən...»

 

Anaya qavuşma

Bir neçə ay sonra gördü anası,

Məhəmməd dir gəlir, könül aynası.

Gəlib öpdü əlin, opdü ətəyin,

O zaye′ edərmi ana əməyin?

Aradan çox ötmüş, yay getmiş qışa,

Ananın ürəyi düşmüş təşvişə.

Çoxdan ayrılmışdı pak qucağından,

Sığmırdı ruhuna onun dağıstan.

Ana qucağına döndü Məhəmməd,

Özünə qayıdar saf ruhlar əlbət.

«- Anacan, ağlama, göz yaşların sil,

Məni öz yanında, öz qoynunda bil!»

Deyərək Məhəmməd, güldü, ağladı,

Anayla bir daha peyman bağladı:

«- Sənin yanındayam gözəl anacan,

Anasız yaşamaz dünyada insan.»

Dedi Əbdülhəmid xanımına: «- Bax!

Məhəmməd Təbrizdə dərs oxuyacaq.»

Sevindi bu sözdən Rüqəyyə Sultan,

Dedi: «- Həqq saxlasın səni hər zaman.

Oğlumu gətirən əlin sağ olsun,

Ürəyin sevinclə-şadlığla dolsun!»

Məhəmmədi alıb bağrına basdı,

Hirmanın, qüssənin yolların kəsdi.

 

Təbriz biliyurduna səfər

Ağ geyinmiş idi bütün təbiət,

Badam ağacları güllənən zaman.

Xəyallar üzürdü yaşıl dağlarada,

Zirvələr başını almışdı duman.

 

Eyni açılmışdı Mişov dağının,

Dənizə baxırdı güllər içindən.

Turağayı qalxıb seyran edirdi,

Yam-yaşıl çöllərin ənginliyindən.

 

Ləpələr qalxırdı «Urmu» gölündən,

Yamacı alırdı, düzü alırdı.

Qaynayıb çağlayan nəğmələr kimi,

Düzəngahlıqlara səs-küy salırdı.

 

Namazın qılmışdı Rüqəyyə Sultan,

Duaya durmuşdu səhər şehində.

Allaha yalvarır dolu gözüylə,

Deyirdi: «- Allah mən müqəssir bəndə,

 

Oğlumu bax sənə tapışırıram,

Qadadan bəladan sən onu saxla.

Oğlumu dərədən zirvəyə çatdır,

Caysa, elə orda ilahi haxla!»

 

İnsanı saxlayar hər bir bəladan,

Ananın tədbiri, xeyir duasi.

Deyirlər hər gecə, hər səhər axşam

Zirvəyə yüksələr ana sədasi.

 

Hündür dağlardan da yuxarı qalxar,

Ağardar göyləri dan yeri kimi.

Ana ürəyindən qopan ağlayış,

Tərpədər zirvəni titrədər simi.

 

O gündə oğlunu yola salırdı,

Bir ana Xamnədən Təbrizə sarı.

Örpəyin başına atıb çıxmışdı,

Su səpsin dalınca oğlunun barı.