Xəyalımın quşu qanad açaraq,

Yenə uçmaq istir sərhəddən qıraq.

Gedə doğma qardaş Kərkük elinə,

Xəlq şairlərindən ala bir soraq.

 

Diləyirəm sərin bir nəsim əsə,

Səlamımı sərpə «Səlah Novrsə».

«Məhəmməd İzzətə», «Osman Məzluma»,

Şanlı bayatılarda görsə hərkəsə.

 

Əlimdə qələmim var, ovraqım var,

Kərkükü gəzməyə iştiyaqım var.

Mən ki qardaşımı unudmamışam,

Könül tıncıqdıran bir fəraqım var.

 

Vətənimə mənim bağlıdır köküm,

Bilirəm yamandır, ağırdır yüküm.

Kodutalar içrə necə boğulur,

Azadlıq həsrətli mənim Kərküküm.

 

Vətəndən vətənə gələ bilmirəm,

Bir ləhzə olsa da gülə bilmirəm.

Şahənşah xəlqimi zalu tək sorur,

Analar gözünü silə bilmirəm.

 

Qan axıb burada dağdan dərədən,

Şəhidlər məzari aşıbdır həddən.

Bəs mənim halıma kim yansın qardaş,

Vətənimdəyəm mən vətənsizəm mən.

 

Dutmazmı bir qardaş, qardaş sorağın?

Qurtarmazmı qurtlar əlindən canın?

Heç bilirsən nələr gəlib başına,

Bu mubariz iyid Azərbaycanın?

 

Sizə bəsləmişəm dərin məhəbbət,

Bu da bir vergidir, verib təbiət.

Üç zada bağlıdır əsil sənətkar,

Xəlq, vətən sevgisi, bir də sədaqət.

 

Qardaşım könlünə xəlqin gəl axaq,

Gələcəyə dərin inamla baxaq.

Polad biləklərlə qıvılcımlardan,

Xərmən-xərmən atəş törəsin, çaxaq.

 

Ümidin qoruyaq ac yalavacın,

Arzu diləyinə qalaq möhtacın.

Qardaşım gəl mənim tut qollarımdan,

Bədənimdə vardır izi qırbacın.

 

Mənim ürəyimdə qızdır əlivi,

Əyləncə eyləmə gözəl dilivi.

Demirəm sən başqa elləri sevmə,

Ancaq ki pərəstiş et öz elivi.

 

Ürəyimdə mənim odlar sönməmiş,

Xəlqdən başqasına heç döyünməmiş.

Şair qardaşlarım bilirlər bunu,

Əsil bir sənətkar xəlqdən dönməmiş.

 

Qartal tək göylərdə süzə bilmirəm,

Şeir incilərin düzə bilmirəm.

Bilmirsənsə qardaş, agah ol gilən,

Öz ana dilimdə yaza bilmirəm.

 

Qəfəsə salıblar mənim tək şeri,

Mən qıra bilmirəm, təkcə, zənciri.

Qorxuram o zaman haylayasan ki,

Qardaşın olmaya daha day diri.

 

Qulağıvı şaxla mənə a covmərd!

Burasındadir ki bir də böyük dərd.

Polad qollarıma odlu zənciri,

Salmamışdır ancaq yalnız bu namərd.

 

Mən özüm çevrəmə qəfəs salmışam.

Əski xulyalara vah! nə dalmışam!

Yadların verdiyi küçük qolçaqla,

Əcəba gör necə məşğul olmuşam.

 

Qanmamışam əsrin vaqeiyyətin,

Anmamışam sirrin mən təbiətin.

Yeni əsrə uyğun məfkurələrdən,

Qaçmışıq, qaçırdıb el məhəbbətin.

 

Sarpılıb vücudlar xuliya içində,

Ağlımız gedibdir bir-bir biçində.

Bilmişik sənətkar özmümü, leyk,

Şe´ri gəzmişik bir qızın saçında.

 

Xəyal eyləmişik hər nə var bizdə,

Bilməmişik nələr geçir Təbrizdə.

Qardaş biz əsirik, bir söz yox, ancaq,

Əsarət sirrimiz öz içimizdə.

 

Aradan qaldıraq gəl bu nöqsanı,

Duyuban anlayaq yeni zamanı.

Mübarizlik ilə özümüz heç ki,

Qurtaraq bəndlərdən bütün dünyanı.

 

Xəlqimiz qarnı ac, əyni çılpaqdır,

Mənliyi satılmış yalın ayaqdır.

Əcəba qələmi sənətkarların,

Niyə bəs atəşdən, qandan iraqdır?

 

Əziz qardaşlarım qapı bağlıdır,

Məni qınamayın sinəm dağlıdır.

Dediyim bu kəlmə əfsanə deyil,

Gələcək günlərin şirin nağılıdır.

 

Xəlqi rahat neçə iyid yaşadar,

Yalan olmalı ki öyüd yaşadar.

Dünyada bir gərçək varsa, budur ki,

İnsanı bir iş, bir ümüd yaşadar.

 

Mən unudmamışam əsarətimi,

Dəyişməmişəm öz təbiətimi.

Gördüyün o coşğun dilli aslanam,

Buraxmayacağam həqiqətimi.

 

İndi də biz dayim Cəmə gəlirik.

Ancaq qurtuluşa nəxşə çəkirik.

Kök ağacı qardaş əmperyalizmin,

Bilirsənmi pukdur, çox da ki çürük.

 

Əzəldən olmuşdun sən mənilə yar,

Dadıma yetiş ki oldum giriftar.

Özün ki bilirsən, ey doğma Kərkük!

Mənim də yüksəlmiş bir tarixim var.

 

Yabancı baxmayır şanıma mənim,

Qara izlər salır qanıma mənim.

Bilirsən ay qardaş! qəfəsdə necə,

İlanlar buraxır canıma mənim.

 

Burada boylanmış Oğuzlar boyu,

Dədə Qurqud burda soylamış soyu.

Bilirsən özün ki qoca Təbrizin,

Nə gəlmiş başına tarixlər boyu.

 

Burda bulanıq su axan deyildir,

Kimsə bir covmərdi yıxan deyildir.

Bilirsən özün ki Azərbaycanlı,

Kərpiç arasından çıxan deyildir.

 

İnsanlar bir-birə əzəldən yardır,

Mənə də, sənə də bu dünya dardır.

Bilirsən ki mənim Vurğunum, Rızam,

Müşfiqim, Rahimim, Saibim vardır.

 

Heç bilirsən də ki indi bu zaman,

Mənim əhvalım çox yamandır yaman?

Həbib Sâhirlərim, Coşğunlarım çin,

Yalqızlıq ölkəsi olmuşdur məkan?

 

Vətənimi mənim qurdlar alıblar,

Qızılca güllərim bir-bir solublar.

Azər Oğlularım, Mədinələrim,

Ayrılıq düşgünü indi olublar.

 

Düzgünəm, ay dostlar! Düşmüşəm uzaq,

Yoxdur sizdən başqa mənə bir dayaq.

İstiqbal nəğməsin qaldır göylərə,

Kərküklü Kərkükə gələcək qonaq.

 

Azərbaycandan məktub

Mənim əski aşiman, doğma qardaşım,

Mənim mərhəmətli ömür sırdaşım.

Keçmişəm şimşəkdən fırtınalardan,

Çox bəlalar görüb bəlalı başım.

 

Əskidən mənimdir bu yurd, bu çimən,

Canımdır, şanımdır bu şanlı vətən.

Məni yaxşı dinlə, kərkük bülbülü!

Səni oxşayıram tufan içindən.

 

Sənin sözlərini mən izləyirdim,

Azərbaycanımda yol gözləyirdim.

Böyük dayaq idi mənə qururun,

Görmürdünmü yadi cox dizləyirdim!

 

Şe´rimdən qanlı bir dəftər dizmişdim,

Göydə göyərçinin qanın sizmişdim.

Kərküklü Məhəmməd Sadiq adını,

Ana vərəqində onun yazmışdım.

 

İsti Təmuz ayı qara bir günü,

Bulutla tutuldu günəşin önü.

Dedilər ki: köçdü Məhəmməd Sadiq,

Geriyə buraxdı sevdiklərini.

 

Təbrizimdə Ərkim qara bağladı,

Yaş tökübən havar-havar ağladı.

Uçğun zirvələri qanla islandi,

Aman! eyvah! necə ürək dağladı!

 

Deyirdim Kərkükə gələrəm qonaq,

Bir-birimiz üçün olarıq dayaq.

Səninlə görüşüb şənlik edərəm,

Nə ki bağlayaram bir qara başaq.

 

Deyirdim gələrsən sən də bir bizə,

Əzizliklə çıxıb məclisimizə.

Bizə nəğmələrlə ürək olarsan,

O coşğun dilinlə gələrsən sözə.

 

Birlikdə dutarıq məclisdə dəmi,

Qocaman-mücərrəb bir ata kimi.

Öyrədərsən bizə mübarizliyi,

Verərsən əlimə iti qələmi.

 

Açıb səhifəsin əbədiyyətin,

Qandırarsan bizə el məhəbbətin.

Bu zalim yad elli işğalçılara,

Göstərərik xəlqin şə´nin qudrətin.

 

Könlümdür könlünün qardaş, sırdaşı,

Dutacaq âbidən burda hər daşı.

Axı şanlı xəlqin bilirsən kimdir?

Mənim millətimin doğma qardaşı.

 

Əzəldən xəlqivə hörmətim vardır,

Vətənimdə mənim şöhrətim vardır.

İşğalçı yadlara nifrətim vardır,

Yenilməz mübariz qudrətim vardır.

 

Budur öz xəlqimə söz verəcəyəm,

Nəğməylə yurduva bir gələcəyəm.

İnam bəsləmişəm çox dinləmişəm,

Şən bir gələcəyəm, mən gələcəyəm!

 

Gələcək, gələcək! a Sadiq! inan,

Bu bir həqiqətdir, nə lazim yalan?

Analar deyiblər, mən inanıram,

Öləcəkdir ölən, görəcək qalan.

 

Ama sən ölməzsən, yaşarsan hər an,

Xəlqivin könlündə qalarsan inan.

«Hicri Dədə» kimi «Füzuli» təki,

Çəkiləcək adın sənin hər zaman.

 

Xəlqivə, dilivə sən âşiq idin,

Uca zirvələrə tam lâyiq idin.

İncidin, dərd çəkdin, yalqızca qaldın,

«Fəsl edildin, çünkü sən sâdiq idin».

 

Doğrudur ay «Coşğun duyğu»lu atam!

Fəsl olur burada sâdiqlər tamam.

Lakin son qoyacaq buna uluslar,

Bu sözə varımdır dərindən inam.

 

Sadıqlar daha fəsl edilməyəcək,

Ellərin qudrəti zülmi əyəcək.

Sənin ovladların günə çıxacaq,

Azərbaycanlı da xoş gün görəcək.

 

Qazmışam könlümdə sənin qəbrini,

Silmişəm qəmini, tam kədərini.

Görmüşəm qururlu-şərəfli elin,

Qoymayır qalsın boş əsla yerin.

 

Savaşa hazırlır birlıkdə özün,

Bizim tək yadlara çaxaraq gözün.

Mənliyin satmayır bir qara pula,

Öz ana dilində söyləyir sözün.

 

Yenə gəldi dilə ah nə gözəl söz,

«Ana, ana!», qurban sənə iki göz.

Buraxmayacağam səni heç zaman,

Düzgünəm, ilqarım doğru, sözüm düz...