Həbib Sâhirə Məktub

 

Sevgi seçməkdə mən inan çaşmaram,

Könlüm qapısın hər kimə açmaram.

Səni mən sevirəm söhbətin üçün,

Düzlüyə verdiyin qiymətin üçün,

Sən mənim anamı yaddan qorudun,

Bu yolda usandın candan çürüdün.

Xəlqimə bəslədin dərin bir inam,

Məhəbbət dəftərin eylədin tamam.

Məqama şöhrətə sən aldanmadın,

Yaltaqlar təki öz elin danmadın.

Saraya şahlara qoşma yazmadın,

Ağır günlərində yoldan azmadın.

 

Yad işkəncəsindən dizə çökmədin,

Həqqi sevməkdən sən əlin çəkmədin.

Xəlqivin uğrunda öz vəzifəvi,

Yerinə yetirdin bir oğul kimi.

Həqliyəm mən səni sevsəm nəqədər.

Qulaq ver keçmişdən verim bir xəbər:

Mən bu şən dünyada hələ yox ikən,

Vətənimdə günəş doğuldu birdən.

Ağır bir tufandan keçmiş şəfəqlər,

Qızıla bələdi yurdu nə təhər!

Azərbaycan oğlu həqqinə yetdi,

Birər-birər şahlıq izləri itdi.

Başladı səadət binasın qura,

Səadət nəğməsin yazıb oxuya.

Çıxdı çox şairin onda adları,

Fitrətlər, Ümidlər və başqaları.

Qabaqca sarayı süsləsin əllər,

İndi də yazdılar millətə sözlər.

Günlər keçdi, aylar ötdü, il oldu,

Birdən Azər ayı fırtına qopdu.

Yenə yadlar bizə hakim oldular,

Şerlər məskəninə bir-bir doldular.

Yenə də millətin haqqı əzildi,

«Ümid»lər saraya yenə dizildi.

Yenə şair gəlib yaltaqlıq etdi,

Tənə´üm içində özündən getdi.

Anadil, xəlqlik, tam nağıl oldu,

Anamın qoynunda çiçəklər soldu.

Şairlər yad dilin yüksək dil sandı,

İmpiraturluğu həqli inandı.

O zamandan, belə sən vətənimdə,

Dayandın, yurd saldın öz çimənində.

Ağır günə, sınıq lampaya dözdün,

Elivə, xəlqivə şe´rlər yazdın.

Düzgün duyğuları göstərdin elə,

Mütərəqqi sözlər gətirdin dilə.

«Kövşən» şairını nə yad bidadi,

Nə saray, nə dərbar aldanmadı.

İnkişafımıza çalışdın bizim,

Sən açdığın izdir mənim də izim.

İndi de mən səni necə sevməyim?

Nə üçün yazmayım neçin öyməyim?

Əzəli məhəbbət odu sönərmi,

Geriyə tarixin çərxi dönərmi...

 

Ay tək ari

Hələ sən otaya yadda deyirsən,

Danışanda da öz dilin əyirsən.

Heç yadımdan çıxmaz, öygüylə dedin:

«Bizə dil nə lazım, itilin! gedin!

Türkünün ki heç bir zâbitəsi yox,

Farsının hörməti ölkəmizdə çox!»

 

Dedim: «Qardaş dil ki vəhdət yaratmaz,

İnsan olan kimsə öz dilin atmaz.

Türkü-Farsı nədən güləşdirirsən,

Əyri-üyrü bir yol tutub gedirsən?

Bulandırma axan duru bulağın,

Alma əlindən sən elin dayağın.

Hər dil öz xəlqinə şirindir onun,

Danışdığın sözün düşün bir sonun.»

Dedin: «Qarşılırıq səni sevirik.»

«Bizim âlimimiz» sənə deyirik.

Lakin qorxuruq ki yadlar apara,

Nəxşələr çəkirlər gör hardan hara?

 

 

Sözün hörmətini saxlamadın sən,

Dedin məni heç vaxt çağırmaz vətən!

Yadda adlandırın can bir qardaşı,

Oğlum! Olmaz elin obaş-bu-başı,

Eşqi əqidədə inamda axtar,

İmanlı insan öz şərəfin tapar.

Qəlbim su tək duru, ay tək arıdır,

Cismimi ağardan nur-u narıdır...

 

Səni boyladım

 

Kimsəni heç zaman tə′rif etmədim,

Məddah şairlərin yolun getmədim,

Ruhlandım mən sənin sədaqətindən,

Özümə güvəndim pak niyyətindən.

Öygü ilə dolu keçmişlərini,

Öydüm əməlini, düz işlərini.

Vuruldum mən sənin xoş halətinə,

Kimdir vurulmasın əsalətinə?

Sənə tə′rif yazdım, səni boyladım,

Darda qalan şer tək səni hayladım.

Sənin varlığını qorusun Allah,

İlahi sevgi var gəpində Billah.

Görmək istəyirəm səni el kimi,

Uca dağ başında coşğun sel kimi,

Axasan, yuvasan riyakarlığı,

Yayasan dünyaya düzgün yarlığı.

 

Qaşqayı Lövhələri – s.8

 

 

Qoşmaca

Buyana qaşdım tütündü,

Oyana qaşdım tütündü.

Ağ almalar bütündü!

Ağ almanın saçağı.

əlimi kəsdi piçağı.

Yağ gətirin yağlıyaq,

Dəstmal gətir bağlıyaq!

Dəstmal dəvə boynunda,

Dəvə Simnan yolunda.

Simnan yolu sər-bə-sər,

İçində bir qız gəzər.

Qız danışdı qaş ilə,

Aldım dovğa aş ilə.

O qız doğdu bir oğlan,

Adın qoydu Süleyman.

Süleyman gəl Təbrizə,

Birgün qonaq ol bizə.

Bizi vurdular daş ilə,

Gözümüz doldu yaş ilə.

 

Eşq evi

Sən gəldin, məst gəldin,

Eşqə pâbəst gəldin.

Mâyil oldun bir gülə,

Bağda saldın ğulğulə.

Ğulğuləndən oyandı,

Bülbül ğəmə dayandı.

 

O nadandır qəm yeyə.

Qüssə yeyə, qəm yeyə.

«Mə´zun» gəlmiş həyata,

Həmi çala, həm deyə.

 

Dilbərdən bir cam ala,

Bu dünyadan kam ala.

Dost kuyunda hov çəkə,

Eşqin danəsin əkə.

Eşqi gülzar eyləyə,

Qeyri inkar eyləyə.

Qeyr nədir? ədəmdir,

Sâqi, dəmin bu dəmdir.

Məni məste eşq eylə,

Ağlın ayağın peylə.

Ağıl ədəbsiz olur,

Ayağı dəbsiz olur.

Dünyanı ev eyləyir,

Mənəm! Mənəm! söyləyir.

Nam-u nəngin bilmir o,

Rəngin üzdən silmir o.

Rəngi Kaşan yolunda,

«Bazbəndi var qolunda.

Kaşan yolu çarbazar,

Ayı gördüm yer qazar.

Əhələtdim gəlmədi,

Cuğab verdim, almadı.

Cuğab qazanda qaynar,

Qənbər yanında oynar.

Qənbər gedər oduna,

Qarğı batar buduna.

Qarğı deyil, qamışdı.

Beş barmağım gümüşdü.

Gümüşümü itirdim,

Ərdəgana yetirdim.»

Ərdəganda el gördüm,

Dağdan axan sel gördüm.

Tanrıdan yol istədim,

Hərnəyi bol istədim.

 

«Bu yol gedir Təbrizə,

Qənati rizə-rizə.

Tanrım bir yol veribdir,

Mən dönəm ölkəmizə.»

 

Ölkəmizin dağları,

Bar gətirmir bağları.

Yol kəsənlər gəldilər,

Yolumuzu kəsdilər,

Ordumuzu basdılar.

Miskin «Mə´zun» da köçdü,

Ruhu dünyadan uçdu.

Dedi dünya dahi heç,

Sultanı heç, şahı heç.

Miskin Mə´zunun qəbri,

Eşq evidir, dahi heç!

 

Yardan

El qoşmaları əsasında

 

Bulud ağlar yağışlar,

Yerə yağış bağışlar.

Yağış yerə danalar,

Yer canına qan alar.

Qanın rəngi qırmızı,

Mən sevmişəm bir qızı.

Yanaqları alma tək,

Gözləri piyâlə tək.

Mənlə sevib-sevişdi,

Küsüb yenə barışdı.

Gördüm onu baxçada,

Gül yığırdı buxçada.

Buxça gülü solarmış,

Dərd canıma dolarmış,

Rəngimi dərd saratdı,

Günlərimi qaratdı.

Günlərim günəşlidi,

Ürəyim atəşlidi.

Günəş batdı dünyada,

Atəş söndü daxmada.

Uçğun daxmam qaraldı.

Qız məni eşqə saldı.

Eşq yaman olarmış,

Eşqə düşən solarmış.

Aşiq oldum bahara,

Könlümü basdı yara.

Yara, hicran yarası,

Tapılmazmış çarası.

Quşlar ilə ötüşdüm,

Çarasını soruşdum.

Quşlar dedi: «Ey âşiq!

Get eşqində, ol sadiq!

Dərdin sözün yardandır,

Yar olmasa, hardandır?»