Mubahat Vaxtıdır

 

Sübh oldu, qalx, dur! ki munacat vaxtıdır,

Dön yarə sarı, qibleyi hacat vaxtıdır.

Türkün qaranqu tale´i alt-üst olmada,

Yirminci əsr, kəşf o kəramat vaxtıdır.

Xəsm-i dəni beli daha sınmış, yaraq gətir,

Durma, silah al ki möhümmat vaxtıdır.

Mən gənclərdə qeyrəti hiss etmişəm bugün,

Alçaq dəniyə söylə mucazat vaxtıdır.

Bir qərn xor baxıb qapıda saxladın məni,

Gəl meydana, gəl indi mulaqat vaxtıdır.

Qəlbimdə saxladım neçə illər cərahəti,

Yarım təbib olubdu, həcamat vaxtıdır.

Hiyləyə kiş dedinsə, siyasətlə oynadın,

Əsgərlərim çoxalmada, şahmat vaxtıdır.

Zəngan diyarıdır, mədəniyyət ocağıdır,

Bağrın dağılsın, indi mubahat vaxtıdır.

Düzgün könüldə telləri dilləndirir gözəl,

Gəl şahə çekgilən ki muğamat vaxtıdır.

 

 

Həsrət Qoydun

 

Könlü haldan hala döndərməyə halın gəldi,

Başımı aldı duman, qal o məqalın gəldi.

Bir işıq dəryasına gözlərim açdım, birdən,

Yuxuma girdi üzün, yoxsa xəyalın gəldi.

Bu güman idi, bu zənn idi, qutarmazmış hicr,

Nağıl imiş, dedilər qalx ki visalın gəldi!

Manşana, Zəngana, Əngurana həsrət qoydun,

Aşiqin peşvazına məkr ilə alın gəldi.

Məni Xurrəmdərədə quyla dedim, yalvardım,

Dedi saymaz yana dön, dön ki zəvalın gəldi.

Mən ğəzəl yazmazıdım, sən mənə yazdırdın onu,

Yaz dedin, ağla dedin, bəlkə qəzalın gəldi.

Düzgünü doğru yola çəkmədi əyri baxışın,

Budrədim, caydım aman, qoyma vəbalın gəldi.

 

 

Tacımsan

 

Sən ana, başımda tacımsan külahımsan mənim,

Şövkətim, şanım, cəlalım, izz o cahımsan mənim.

Hər kimin dünyada varsa mülkü, malı, dövləti,

Dünyada həm uqbada sən dəstgahımsan mənim.

Çulqasa yan-yörəmi zülmət qaranlıqlar, ana!

Qəlbimin aydın göyündə sübhgahımsan mənim.

Əğyarın yüzlər sitəmgər qan soranı var isə,

Sən mənim haqqım alansan, sən sipahımsan mənim.

Hər dəni insanlığa xor baxmağa yol seçsədə,

Oğluna yol göstərən dosdoğru rahımsan mənim.

Dünyada suçdan qaçındım, bir günah da etmədim,

Amma pərvəndəmdə sən suçsan günahımsan mənim.

Bax, külahsız baş açıq Düzgün gecə-gündüz deyir:

Sən ana! başımda tacımsan, külahımsan mənim.

 

 

Dedilər

 

Can evindən elə səfər dedilər,

Eyləmə cana heç güzər dedilər.

Çulqadı dövrəmi qəm-i hicran,

Yara gəl eylə bir nəzər dedilər.

Ağladım, sıtqadım, fəğan etdim,

Mənə dünyada bibəsər dedilər.

Cana canan quşu gəlib qondu,

Eylə canından əlhəzər dedilər.

Şe′r yazdım qəmində söz qoşdum,

Gərçi hər şe′rimə gövhər dedilər,

Dedilər etibarı yox sözünün,

Bu sözü gör nə mö´təbər dedilər.

Zəngana qış günü ayaq basdım,

Yayda gəl, qışda yox səmər dedilər.

Yayda getdim, yuvamı boş gördüm,

«Köçdü el, qalmadı əsər» dedilər.

Əyrini, doğrunu bağışladılar,

Düzgünə «əyrilik edər!» dedilər!...

 

 

Təhmidiyyə

 

Yarım necə oldun nəhan, axır sən əyansan,

Can bəxş eləyən, can alansan, güzəransan!

İdrakın üçün bax sənin, ömrümdü talanmış,

Axır nə imişsən, nə qazancsan, nə ziyansan!

Hər kim özünün ağlı qədər bir yerə yordu,

Kimsə dedi yoxsan, kimi də söylədi cansan.

Mən varlığını gahi inandım, gəhi dandım,

Ağlım «yaradan» söylədi, könlüm: «can alansan!»

Axtardım ömürlük səni, əttarına sordum,

Söylə dedi məndən ona: «sən ətrfəşansan!»

Mən türkü saya, qəlbi təmiz sadə bir insan,

Qoy birdə deyim: «Allah aman, sən nə yamansan!»

Şeytan səni məndən ala bilməz, necə alsın,

Sən məndəki iman, həmi də təndəki cansan!

Mən ömrümü verdim səni idrak etdim, amma,

Düzgün dedi: «idrakına sığmaz!», nə giransan!

 

 

İzzi Bəqa

 

Təbrizdə atamın ölümü munasibətilə

 

İzzətli ömür xaliqi mənnandan ətadır,

Övlada verən izzəti əlbəttə atadır.

Allah ilə insanı yaxın eyləməsi çün,

Xırda Tanrı saymaq atanı bəlkə rəvadır.

«Aynası işdir kişinin, lafə baxılmaz»,

Ali iş özü iş görənə izzi bəqadır.

Üç günlük ömür bir belə atlanmağa dəyməz,

Ardınca gələn qalsa əgər xeyr duadır.

Min damada vurğun sayılıbdır bu əcuzə,

Hər lütfü onun qəhrdir, hər mehri cəfadır.

Aldanma, aman! ne′mətinə nazına, Düzgün!

Bu dünya ötrəgidi, bu bir dar-i fənadır.

 

 

Can Qalmaz

 

Əgər sən yaxşı tərpənsən, cahanda day yaman qalmaz,

Dayansan bir aman versən, amanlardan nişan qalmaz.

Bu qədri qəlbimi yarma, uzaq əndiş ol, fikr et,

Sökülmüş sinədə dilbər, saqın raz-i nəhan qalmaz,

Qayıt toprağını ağuşə çək, ellərinə yar ol,

Dənilə yarlıq etsən, qeyrətin qalmaz, səfan qalmaz.

Qıraq gəzsən elindən mə′siyət pərdazsan əlbət,

Anavın qoynunda dönsən, daha səhv o xətan qalmaz.

Əzizim varlığı hər bir şeyin əslilə bağlıdır,

Dilin əysən, nə guyeş, nə də ləhcə, nə zəban qalmaz.

Əgər Təbrizdən ayrılsan, azarsan sən uzaq yolda,

O əyri-üyri yollarçün daha Düzgündə can qalmaz.

 

 

Gəlirik Təbrizə Biz

 

Nə zaman oldu qonaq gəlmədik əsla sizə biz,

Düşməni sal çölə dilbər, gələrik Təbrizə biz.

Ürəyim bir tikədir ləhcənə, xoş sözlərinə,

Özgiyə hər nə olursan, mənə candansan əziz.

Ellərin qoy axın etsin, onlarındır bu şəhər,

Şəhr-i Təbrizdi bu mə′bəd qeyrətəngiz.

İftixar eylə uzun keçmişinin şövkətinə,

Qoyma düşmən ürəyivi çala-çala sala iz.

Çox dəyərli yaranıb elm o ədəb asarın,

Dəhrdə yoxdur belə abidəyi pəndə amiz.

Daha aldanma gilən xəsm-i dəni hiyləsinə,

Soracaqdır səni o, sonra qoyacaq biçiz.

Sadə dillə, saf ürəklə sizə yazmış Düzgün,

Nə zaman oldu qonaq gəlmədiz əsla bizə siz?

 

 

Təbrizli Gözün

 

Mənə dəyəcək, tökəcək yaş, dolu Təbrizli gözün,

Çək gözümdən gözünü, qan olu Təbrizli gözün.

Baxışın nöqtəsinin raz-i nəhanın bilirəm,

Gözləyir qərnlər oldu yolu Təbrizli gözün.

Sənə təslim yaraşmaz, yada bac verməzsən,

Seçəcək bağdaki koldan kolu Təbrizli gözün.

Böylə gəl səpmə mənim üstümə həsrətli baxış,

Canımı yaxdı baxan qəm dolu Təbrizli gözün.

Var ümid kim qayıda qəhrəman oğlun evinə,

Axtarır bur-bucağı, sağ-solu Təbrizli gözün.

Hangi mavaya gedib, harda pənahgah tapacaq,

Düzgünü salsa gözündən, ulu Təbrizli gözün.

 

 

Göy Məscid

 

«Cahanşah-i həqiqi» yadigarı, yarmış ədvarı,

Budur, Təbriz içində göylərə qalxmaqda ənvarı.

Fəzası bir ilahi nur ilə dolmuşdu göy qübbə,

Buraxmış heyrətə əqmarı, şəmsi, çərx-i dəvvarı.

Şaxanda ildırımlar qısqanan çərxın havasından,

Söküb yandırmaq istərmişsə göy günbəzdən asarı,

Təbiət titrəmiş, xilqət ayaqlanmış fəğan etmiş:

Amandı! yaxma qəlbin Təbrizin, yığ tiğ-i qəddarı!

İşıq qaynağını qarət edənlər səf-bə-səf durmuş,

Qaranlıqlar içindən tərpədib qalxızmış əşrarı,

Dağıtmaq çün, bütün şərqə ilahi nur saçan şəm′i,

Müsəllət eyləmiş bu məscidə hər şahı, tərrarı.

Vəlakin həm bugündə sinə gərmiş batil uğrunda,

Bu göy məsciddir evladım, qoru bu gənc-i əsrarı.

Əlin Allaha açmış bir işıq dəryasıdır oğlum,

Mənim tək sən də baxsan nur görərsən burda əhcarı.

Amandır! qoyma təhqir eyləsin yad, qalx! özün göstər,

Koroğlu mesrisin çək, qavgilən ovbaşı əşrarı!

Bura Təbrizdir, dünya boyu tarixi fəth etmiş,

Yuxuya getməz əlbətə bu şəhrin bəxt bidarı.

Onun «Düzgün» kimi övladı vardır, qorxu yox, qəm yox,

Şücaət meydanın qoymazlar onlar sidqdən ari.

 

 

Divanə Könlümü

 

Qoy birdə hicr odunda mənim yanə könlümü,

Öz halına burax dəli-divanə könlümü.

Eşqi, ümidi var, inamı, dini var onun,

Uydurma hər yetən yeni dəstanə könlümü.

Köksümdə sərt deyil, buz deyil, inan,

Odlandırıbdı yar, salıb qanə könlümü.

Təbriz deyibdi, rəqsə gəlib, don-ba-don gəzib,

Oynatmadı yeni hava, məstanə könlümü.

Yandı qanadı, düşdü yerə nə′şi, sahib ol,

Alqışla yerdən, al gilə pərvanə könlümü.

Qorxum budur yenə yeni bir al ilə gəlib,

Səyyad tor qura, sala zindanə könlümü.

Düzgün rizayət eylə cəfa pişə dilbərim,

Zəncir-i zülfə bağlaya divanə könlümü.

 

Qəmxanə

 

Hər işi məstanə etdin aqibət,

Məscidi meyxanə etdin aqibət.

Əhrabı, Gəzranı, Surxabı gəzib,

Eynalıda xanə etdin aqibət.

Seyr qıldın külli movcud içrə sən,

Canımı kaşanə etdin aqibət.

Axtararkən eşq gəncin sinədə,

Könlümü viranə etdin aqibət.

Dürr o gövhərlər yatağı zülfünü,

Sözlərimlə şanə etdin aqibət.

Sinəmin Qafdan yuxarı zirvəsin,

Can quşuna lanə etdin aqibət.

Min kərəşməylə özünü sevdirib,

Məclisə cananə etdin aqibət.

Aldın əldən Düzgünü heç saymadın,

Təbrizi qəmxanə etdin aqibət.

 

Bir Ölkə Karavan

 

Ayətullah «Hüseyn Qəffarı»nın işkəncə altında şəhadəti münasibətilə

 

Dün gecə ərşdə cahan gördüm,

Gözlərimlə ilahi can gördüm.

Maddədən daxı heç nişan yox idi,

Nə zəmin, nə də asiman gördüm.

Cənnət isilə bir baharı tapıb,

Bağ o bostanlı bir cinan gördüm.

Gül, çiçək, lalə, sərv gülbünlər,

Qırmızı gördüm, ərğəvan gördüm.

Am bir də′vət idi, süfrədə mən,

Düşməni-dostu mihman gördüm.

Həm cəmal, həm kəmal rəmzlərin,

Sankı bir gənc-i şaygan gördüm.

Zülmə baş əyməyən dəlil gətirən,

Fəlsəfədan-ü nöktədan gördüm.

Elə bir feyləsuf kim fikri,

Qərbdən şərqə nurfəşan gördüm.

Bir uzun karvanə sərkərdə,

Həmdə bir ölkə karvan gördüm.

İnqilabçı, dərin təfəkkürli,

Qələmi, ağzı dürfəşan gördüm.

Nur-i «Sədra» və hikmət «İşraq»

Axıdan Təbrizə əyan gördüm.

Əqlini rəhnümayi elm-ü əməl,

Eşqini pişvayi can gördüm.

Pir meyxanədən dilində onun

Yüzlər asar-ü min nişan gördüm.

Ağladı matəmində ellər inan,

Başıma çevirilib zaman gördüm.

Gecə vaxtında bir zaman, nagəh,

Susmuş əz covr-i cairan gördüm.

Ayətullah Hüseyn Qəffarı,

Qara topraqda nur saçan gördüm.

Dini, elmi, siyasət ilə qatan,

Qaynadan, qaynayan, coşan gördüm.

İnqilabçı vücudu mən Düzgün,

Hər zaman həyy-ü cavıdan gördüm.

 

 

İsmi cəlalə

 

Erhem ləna belütfekə ya vahibül əta!

Düşməz dilimdən islm-i cəlalən səhər məsa.

Əsnamdən sənə sarı üz döndərən qulam,

Möhtacın olmuşam Səməda, lütf qıl əta.

Sidq ilə xakə sürtürəm öz alnımı bugün,

Üz verməsin yarın daha əhfadıma bəla.

Hər bir qapı qavub məni, istirham eylərəm,

Bimar qəlbimə verəsən acilən şəfa.

Üz astan-i pakına Yarəbb gətirmişəm,

Bu xalqı eylə şərr-i səyatindən rəha.

Mən bəndənin xətalərinə baxma, Düzgünüm,

Fəğfir ləna befəzlikə ya fatirəssəma!

 

Adın

 

Yarəb! sənin adın yaraşıqdır bu divana,

Mən bəndədən qəbul elə, mətlə′ di şukrana.

Bir qurtuluş yolu bizə göstər, sən ey Tarı,

Millət əsir olmasın əhzab-i şeytana.

Namuslu elləri Əcəmin məkri aldadır,

Meylim ziyadə qıl gilən irfani Qur´ana.

Keçmişdəki xətalarımız çoxdur, əfv qıl,

Sövq eylə kirdara, ədəbə, Yarəb! ərkana.

Vəslin şərabına hidayət elə ruh-i zarımı,

Yox taqəti bu təşnələbin birdə hicrana.

Düzgün müti-i əmrdir, eşqə əsirdir,

Bax hüsnə, bax sədaqətə, sən baxma nöqsana!

 

Uzan

 

Yar! başdan sonadək divanım ərzandır səna,

Səhldir divan, ürək də, can da qurbandır səna.

Mən ki pişə etmədim şairliyi heç bir zaman,

Səndən almışdım bunu, həm səndən ehsandır səna!

Göylərin təkvin sirrin hifz etmək tabı yox,

Sinəmin sənduquna gəl, gizli meydandır səna!

Özlüyümdən alma, Yarəb, hər gərəyi ver mənə,

Varlığım isbatdır varına, burhandır səna.

Paymal etmə gözəl aşiq vücudun, heyfdir,

Bu cahan, başdan başa məbhut-ü heyrandır səna.

Nazını çəkmə dəni yanında çakir olanın,

At belə övladı kim bir parça üsyandır səna!

On dil öyrən sən, Əlişir-i Nəvayi olgilən,

Öz dilin danma, aman! bu iş nüqsandır səna.

Özlüyündən çıxma, qeyb etmə özün, öz malın ol,

Özlüyündən çıxdığın gün sonda, payandır səna!

Düzgünü atma kənara, kimsə atmır şairin,

Hörmətin hifz eyləmək, bir növ şükrandır səna.

 

Arzum

 

Qəlbimin alamına darülşəfadır Kərbəla,

Kərbəla toprağıdır hər dərdimə olmuş dəva.

Atmaram gözdən kənara ellərin birlik günün,

Bu təriq ilə tapıbdır milli amalım bəqa.

Mən, dəni çəşmində xaram, sevməz o insanlığı,

Türkdən zikr-i fəzilət etmiş Al-i Mustafa.

Qanların tökmüşlər Aşura günü əcdadımız,

Onların sidq ilə sərşar tarixinə bax, xuda.

Qeyrətin alma əlindən ellərin əhfadının,

Yurduna namusuna istəmə üz versin bəla.

Mən Hüseyn övladıyam, arzum şəhadətdir bugün,

Kərbəlanın xakı dır çəşmimdə Düzgün, tutiya.