Ulu Zənganım
Səni çeynətmərəm namərd yadlara,
Ulu əcdadımdan qalan məkanım.
Necə mən yaşayım adsız nişansız,
Tarixim, şərəfim, damarım, qanım,
Ulu zənganım.
Qorqudlardan qalan öyüd qaynağı,
Həkim Xuncilərin hekmət bulağı,
Elimin, yurdumun yanar çırağı,
İzzətim, varlığım, düşüncəm, canım,
Ulu zənganım.
Sənə vətən dedim, Hidəci sayaq,
Keşiyində durdum ər kimi, oyaq,
Bütün varlığıma sən oldun dayaq,
Pənahım, yurd-yuvam, anam, amanım.
Ulu zənganım.
Yurdumda qoymadı yad bircə daşı,
Yaradır əlindən ürəyim başı.
Susmaram düşmənə yağıya qarşı,
Hər zaman söyləyir qocam, cəvanım,
Damarımda coşan qaynayan qanım,
Yaylağım, qışlağım, yazım, aranım,
Ulu zənganım.
Biraz bari
Qardaşım radyonu elin dinləyir,
Pozma elin dilin, qan biraz barı.
Məni saya gəlməsən də gəlmə heç,
Öz nənəvi adam san biraz bari.
Danışdığın bu dil heç yərdə yoxdur,
Qaydasız qanunsuz kəlamın çoxdur.
Sözün el qəlbinə zəhərli oxdur,
Elində halına yan biraz bari.
Düzgün nədən böylə sən gec oyandın,
Nədən qonşu toyuğunu qaz sandın?
Özünün mülkünü-varlığın dandın,
Özgənin də yoxun dan biraz bari!
Xəzinə
Boğur sənin səsin bütün səsləri,
Şahə çəkib Azərbaycan deyəndə.
Yaraşıqlı, sarı telli Zənganlı,
Canlanıran sən mənə can deyəndə.
Böyük Bayatların uca baş oğlu,
Alçalma, alçalmaq yaraşmaz sənə.
Öyün tarixinə, öyün elinə,
Döyün ürəklərdə, bağlan vətənə
İlham al Zəngandan, Qızıl Özəndən,
Uca tut başını, əyilmə yada.
Bileydin kaş qəlbimdəki sirrimi,
Verməzdin onda sən elimi bada.
Bir xəzinəsidir əcdadımızın,
Bizə miras qalan Ana Dilimiz.
Qeyrətsiz qayğısız yaşasaq əgər,
Alçaqda yaşayar uca elimiz.
Yara qalıbdır
Qaranlıqda yaman söndü çırağım,
Yanıldım, yıxıldım, uçdu dayağım.
Qızıl Özən kəsmə mənim qabağım,
Sularında qızım Sara qalıbdır.
Qara Quşlu, Tarımlı nazlı gözəl,
Sənə yazdım yüz gəraylı, yüz ğəzəl.
Dərdimi söylərdim özünə əzəl,
Söylə bu dərdə bir çara qalıbdır?
Əsgiltmə özünü batırma adın,
Qoy bir damla dadım dərmanın dadın.
Qəlbimizdə, gözəl! bu namərd yadın,
Vurmamış oxunu hara qalıbdır?
Böyük xətər etdim sənə vuruldum,
Eşqin dəryasına düşdüm, duruldum.
Gözəl rəhm et, yol getməkdən yoruldum,
Gözlərim ağında qara qalıbdır.
Yalqız qoydun məni cansız canansız,
Yaşaya bilmərəm Azərbaycansız.
Gəl tərk etmə sən yanımı dərmansız,
Düzgünün qəlbində yara qalıbdır.
Dar əl- Qurân
Qurân təlim vərən, Qurân öyrədən,
«Xəyrokom» adlanmış Qurân diliylə.
Dünyanı doldurmuş Qurân nəğməsi,
Türkün himmtiylə, Türkün əliylə.
Müəssir etgilən öz iradəvi,
Bu dari dünyanın dörd bucağında.
Sənə Qurân vermiş əzm-ü-iradə,
Saxla yanar odun öz ucağında.
Bu gün aldım xəbər eldən-tayfadan,
Zənganda açılmış bir Dar əl-Qurân
Hekmət mərkəzinə yenə dönəcək,
Qurânın ətriylə dolacaq Zəngan.
Ayrılma vətəndaş sən öz əslindən,
Gör nə günə qaldı ayrıldı Düzgün.
Öyünmə hər yetən əcəm-ovbâşa,
Əsalətinə, öz dininə öyün.
Musiqim
Qocalmadın qocalmazsan heç zaman,
Yaz nəfəsli, bahar səsli musiqim.
Qərinələr ürəkləri fəth etdin,
Bülbül dərdli, gül həvəsli musiqim.
Can Ol
Hüseyn Düzgün deyir sözün düzünü,
Kimsədən gizləməz o haq sözünü.
Bir gün görsə dildarının üzünü,
Deyər getmə cismimdə can ol mənim.
Nökərlik Əyyamı
Ay axmaq əlindən yandım qavruldum,
Dönüyüsən elin, nökəri yadın.
Iç qadadan dada gedilməz, amma,
Məni dada gətdi sənin bidadın!
İtil başı uca saf düzlərimdən!
Gavurlar dilini qırıldatma, get!
Farsca şalpalayan o qırhaqırla,
Gözümün önündən bir an öncə it!
Məndən eşitsənə, Əcəm önündə,
Sənə layıq deyil süpürgəçilik.
Qartal qalmalısan, ucalıq gəzsən,
Səni də, məni də yüksəldər bilik.
Bu düzlərə addım basıb Olcaytu,
Şah Xətayi qılınc çəkib söz qoşub.
Sənə əhsən demək bizə yaraşmaz,
Nökərlik əyyamı çoxdan savuşub.
Dönük: dönmüş, özündən çıxmış, asimilize olunmuş və öz doğma mədəniyyətinə xor baxan.
Yarımçılıq Nökər
Yaddan əcnəbidən nəyin əsgikdir?
Varlığın var inan, gücün var, inan.
Dallarını salma, kökünü qazma,
Özgə baltasına sap olma, dayan.
Farsca danışanda öz uşağınla,
Farsı da Türkü də iyrəndirirsən.
Inci tək dilini unutma, qanmaz!
Şalpam-şalpam belə nədir deyirsən?
Farsca öyrənsəydin heç lağ etməzdim,
Deyərdim bir başqa dil öyrənibsən.
Yarımçılıq, lala pitik nökəri,
Kim qəbul edəcək? Sən söyləgilən!
Dal: budaq, şaxe
Özgə Donun Geymə
Ay qız! Məlahətin özündə billah,
Dadın, təravətin sözündə billah.
Sehr edici o güc, gözündə billah,
Özgə donun geymə, dar gələr sənə.
O şalpam farscandan iyrənirəm mən,
Belə özün mənə sevdirənməzsən.
Səhər axşam sənə deyir hər gələn,
Özgə donun geymə dar gələr sənə.
Vətənin namuslu qızısan gözəl,
Sənə Düzgün yazıb on dəftər ğəzəl.
Ucadan demişəm bunu lap əzəl:
Özgə donun geymə dar gələr sənə.