İntizar

 İntizar gözlərim yanıb yaxıldı,

Nə olar versəz ara tutqun bulutlar?

Açqın hava ilə yol açın mənə.

Ruhuma dünyanı siz etməyin tar.

 

Pəncərə ardından baxıram çölə,

Yağış göz yaşı tək tökür şırhaşır.

Yol kəsənlər budur, əmr et dayansın,

Nanəcibliyivin gəl ürəyin qır.

 

Vaxt ötür, sinədə ürəyim döyür,

Nə yar gəldi, nə mən yarla çatışdım.

Yanımı tutqu edən bir xulyalilə,

İntizar oduna hayıf batışdım...

 

Çöldə divarların suvaqlarının,

Qopulub tökülmək səsi incəlir.

İçəridə isə damcı şırlayır,

Dam, su saxlamaqdan daha dincəlir.

 

Ürəyimi yaxır intizar odu,

Gözlərim dikilib pəncərələrə.

Şaqqıltı salaraq axar sulara,

Qucağın açıbdır dağ, təpə, dərə.

 

İnan sevgili yar gözləyəcəyəm,

Yolun açılmağın nə qədər varam.

Çatışam sənilə bircə ləhzə mən,

Bilirəm o zaman sağalar yaram.

 

Gəl gözəl

 

Bəs eşitməmisən, elin ağzından,

«Hər zadın tazası, dostun köhnəsi»?

İltifat et mənlə yanaş, ay gözəl?

Qurutma ləbimdə süzən həvəsi.

 

Bağlarlarmı küsü illər bir sözlə?

Ötən ötüb, keçən keçdi sevgilim.

Mərhəmət qıl yazıq bülbüllərinə,

Yad bağlarda gəzmə mənim öz gülüm.

 

Qədəm bassan bir an bizim evmizə,

Ayağın altında qurban olarıq.

Qadanı alarıq ha qalsan bizdə,

Getsənsə, hörmətlə yola salarıq.

 

Yadlarda nə gördün unutdun eli?

İntizarda qoydun illərlə bizi?

Rəhm qıl vırana bağlar halına,

Qoyma bir baş itsin burda eşq izi.

 

İntizar gözümüz qaralıb daha,

Canımızı yaxıb həsrət atəşı.

Nə olar yol göstərsən səhər, dağ ardı,

Burdada bir doğa eşqin günəşi.

 

Gəl gözəl, gəl gözəl öz vətənivə,

Olar qiymətivi burada bilən.

Gəl gözəl öz bağ-o-bağçanda yaşa,

Ölsən də ölməyə yaxşıdır vətən!

 

Aşıq Susma

 

Aşıq susma, titrət qızıl telləri,

Təsxir elə ürəyimi, ruhumu.

Zəxmələri qaldır, yendir bir-bə-bir,

Dad füğana-sıza gətir hər simi.

 

Aşıq bilməm nə sirr var simində,

Sızlayanda, gizildiri ürəyim.

Səslənəndə biz-biz durur tüklərim,

Yatmış idi ə′mağında istəyim.

 

Qanad bağlır ruhum uçur göylərdə,

Quşlar ilə bulutlardan ötüşür.

Tərpəncək bir dəfə simin, min kərə,

Pərdələrdə seyran edib gəzişir.

 

Mənim ruhum duyur sənin dərdivi,

Susma, sızlat bacardıqca sazını.

Sızlat-sızlat üçümüzdə yaş tökək,

Ta yetirək məhəbbətin yazını.

 

Aşıq min sirr yatıb sənin sazında,

Qanarmı hər insan sanan özünü?

Sən sevdalı, mən sevdalı, saz dəli,

Sən deyirsən sazda sözün düzünü.

 

Qurban sənin əllərivə, susma çal,

Dərtlilərdən quracağam yığıncaq.

Çal, qoy aşsın bağırtımız dağ-daşı,

Durnalarla uçub getsin ən uzaq.

 

Susma çal ki qara bulud yan gedər,

Qızıl günəş axır doğar səmada.

Məhəbbətin çiçəklərin becərdər,

Sevdalılar günə çıxar dünyada.

 

Bizlə səndən sonra, sırdaş kimlərdir,

Bu dövrə də aşıq dəli sazına?

Qorxma nədən, anlayırıq ancaq biz?

Sazın, sızın, sözün, dərdin burada!

 

Ağrıma heç şişəkidən, səxrədən,

Sən dərtlisən vermə baha onlara.

Bacardıqca qaldır göyə sızıvı,

Həmdəm eylə azad uçan quşlara.

 

İçimdə yandım

 

Bir belə tənhalıq heç kəs görmədi,

Belə bir ağrını kimsə çəkmədi.

İnciyən ağlayıb özün boşaltdı,

Içinə gözyaşı kimsə tökmədi.

 

Içimdə ağladım, içimdə yandım,

Mənə bir qədər də yanan olmadı.

Məni tənhalıqdan qurtan yoxdur,

Hamı çıxdı getdi, kimsə qalmadı.

 

Nə ağır dərdimiş tənhalıq, gözəl,

Qurtamır bu günlər bu dəqiqələr.

Adın xəyalımdan heç silinmədi,

Nələr çəkdim burda, mən, nələr, nələr?

 

Qoy başımı atım dizivin üstə,

Doyunca ağlayım, dolub ürəyim.

Sən orda mən burda, səndən ayrıyam,

Boğazım tutulur daha nə deyim.

 

Baxırdı

 

Gözəlim bir sarı buluz geymişdi,

Bədənindən bütün ətır yağırdı.

Buxunu çulqanmış ağa-sarıya,

Dodağından şirin bir bal axırdı.

 

Qarı düşmən gəlib güdürdü bizi,

Həyasız axırdı ağzından sözü.

Lakin sevgilimin o qara gözü,

Özgiyə yox, fəqət mənə baxırdı.

 

Fəxriyə

 

Şe´rimin incisin mən düzəcəyəm,

Bağışla ustadım, şairəm mən də.

Xalqımın işçisi, silahçısıyam,

Saxlanır ürəyim bu gül vətəndə.

 

Dayqalar axmışam xalq axınına,

Əzəl gündən ordan ilham almışam.

Gəzmişəm dağların Azərbaycanın,

Saatlar bu yerdə fikrə dalmışam.

 

Sərin bulaqlardan xeyli içmişəm!

Obalarda qonaq olmuşam, ay çox!

Gəncliyim burada güllənib, denə,

Könlümdə zərrəcə mənim qorxu yox!

 

Mənim hündür atım büdrəməyəcək,

Aşacaq təpəni, dərəni, dağı,

Əbəda ki qarşı duranmayacaq,

Misri qılıncıma azğın göz yağı.

 

Bir əldə bayrağım, bir əldə şe´rim,

Çapacağam atı ən ucalarda.

Asiya xalqların qurtaracağam,

Gedəcəyəm daha bilmirəm hara.

 

Polad qollarımla qaytaracağam,

Yenidən anamın bahar yaşların.

Acı düyünlərdən qurtaracağam,

Onun o zil qara çatma qaşların.

 

Güllənməyəcək başmaqçı «Əli»

Ellərin arzusu güllənəcəkdir.

Qəbiri üstündə «Xiyabani»nin,

Səadət yelkəni yellənəcəkdir.

 

Kəndlərdən qalxacaq «Azəroğlu»lar,

Qalmayacaq şair qoynunda əli.

Səadət nəğməsi yazacaq hamı,

Əsgik olmayacaq kimsənin dili.

 

Denə namərd yada heç zaman mənim,

Ürəyim soyuq daş olmayacaqdır.

Denə mənim iyid Koroğlu balam,

Özgə torpağını almayacaqdır.

 

Denə burdan qalxan əbədi odlar,

Tamam Asiyanı bürüyəcəkdir.

İmpiratorluğu boyunduruqla,

Dənizlərə sarı sürüyəcəkdir.

 

Bəluç Qardaşım

 

Səhərlə oyanıb uzun yol sürən,

Yumşaq qumlaqlara iz salan Bəluç.

Günəşlə sürünüb dağ-dərə varan,

Yalın qayalarla vuruşan Bəluç.

 

Ay elin-oymağın tərk edib gedən,

Söylə kimlər səni dər-bə-dər qıldı?

Hər addım oturub dərin ah çəkən,

Söylə kim nəştərlə bağrıvı dəldi?

 

Çırpındın yayı-qış odlu yellərlə,

Savruq talaları oldular yəlin.

Sabahı silkindin, getdin ha getdin,

Qanlı, cəngəllərdə məskən eylədin.

 

Dabanının qalın qabarlarından,

Qan axdı yol üzrə, qızıl iz saldı.

Ləhliyə-ləhliyə can hayı ilə,

Sən ötdün, qırmızı işarən qaldı.

 

Gecələr oturdun qara komada,

Gəvənin şö´ləsin uzaqdan gördüm.

Döncək Od Yurduna gözüm odlandı,

Qanıva-oduva mən cavab verdim.

 

Deyirəm ki çox da uzaq deyilik,

Yolumuzda hər gah uçrum olmasa.

Hər gecə biz sizdə qonaq olardıq,

Namərd aramızda səngər salmasa.

 

Deyirəm: ay qardaş! gəl ocaq quraq,

Tamam el-oymaği bir yerə yığaq.

Hayqırıb namərdə hucum eyləyək,

Zülmün ürəkini lap dibdən qıraq.

 

Bilirəm ay qardaş! o gün yaxındır,

Bu sözə  ürəkdən mən inanıram.

Diləyə çatarıq o şən zamanda,

Gələcək, gələcək, bunu anıram.

 

Səhərin səsilə, şəfəq rəngilə,

Axacağam axır könülnə sənin.

Elimin odundan məhəbbətindən,

Qoyacağam əsər canında dərin.

 

Xəyyam!

Oxuyarkən səni ana dilimdə,

Diləmişdim qəbrin görməyi, Xəyyam!

Yaşasın insana qayğı, sədaqət,

Sən kimi dahinin diləyi Xəyyam!

 

Açaraq xalqıva həyat sirrini,

Zülümkar şahlara qarşı dayandın.

Xərabat içrə bir piyalə seçdin,

Saraydan ayrıldın, yandın, odlandın.

 

Şəriət qalmadı heçdə qayğıva,

Saraylar yanmadı sənin halına.

Kəmalat kəsb etmiş lakin «Füzulim»,

Seyr etdikcə sənin o kəmalına.

 

Sənin qəmin-dərdin, ulu kədərin,

Ürək döyüntün də bizimki Xəyyam.

Bilirsənmi mənim «Kişvəri»lərim,

İztirablarından almışlar ilham.

 

Doğru dur ki qəbrin könüllərdə dir.

Xəyyamlar yerlərdə yatası deyil.

Ürəklər mülkündə yaşayırdan sən,

Azərbaycan səni atası deyil.