Döz Ana Yurdum

 

Sənə vətən dedim sənə yurd dedim,

Allahın vergisi baş Qorqud dedim.

Qurdu gədiklərdə boğub ud dedim,

Dağları daşları boz ana yurdum.

 

Bu qara talein nədən pozulmaz

Alnına bəs niyə ağ gün yazılmaz?

Mənsiz şənində bir inci düzülməz,

Köksümdə qaynayır söz ana yurdum.

 

Düzgün deyir indi Zəngana gəldim,

Bayram günləridir  şadyana gəldim.

Yoruldum hicrandan cəzana gəldim,

İllərdir deyirəm döz ana yurdum.

 

Qurqud: iran türk tarixinin büyük ârif və elcə biləni Dədə Qurquda işarə dir

 

aray

 

Daşına dağına girməsin yağı,

Bağın-baxçan olsun bülbül oylağı,

Ellər versin sənə yeni növrağı,

Vətən oğlun səslə haraya, Zəngan!

 

 

Maralların Zöhrün çölün bürüsün,

Hər səhər seyr edim ceyran sürüsün.

Qorxusuz- qovqasız sürü yürüsün.

Vətən oğlun səslə haraya, Zəngan!

 

 

Çağdaşlaşsın caddən, küçən, evlərin,

Qoynun sıcaq olsun, bulağın sərin.

İstəsən bəzənsin bütün hər yerin,
Vətən oğlun səslə haraya, Zəngan!

 

 

Yenə yaysın maarifi, irfanı,

Qurâna- İslama çəksin dünyanı.

Düzgün deyər gəl sev Azərbaycanı,

Vətən oğlun səslə haraya, Zəngan!

 

Daşa Dönər

 

Mənlə ilqar etdin mənə söz vərdin,

Ömrümü paylaşdım səninlə gözəl.

İndi səndən sənə şikayətim var,

Sözümü qarşımda gəl dinlə gözəl.

 

Çalçıqdan çıxanda, dağa varanda,

Əli Bulağına sarı gedəndə,

Unudma orda qıldığın namazı,

Allaha baş əyib dua edəndə.

 

Qovl-ö iqrarına əməl etməyən,

Daşa dönər gözəl buna gəl inan.

Dumduru suların axdığı yerdə,

Sən görübsən bunu gözünlə əyan.

 

Əlindən Aldı

 

Sənin tarixini kimsə yazmadı,

Ürəyim ucunda nisgilin qaldı.

Yad hiylə eylədi, yad məkr qıldı,

Müqəddəs ruhunu əlimdən aldı.

 

 

Biri tarixində yox hönər dedi,

«Biri baran dedi, biri xər dedi.»

Biri gənclərinə gör nələr dedi.

Hər söyüş eşitdim günüm qaraldı.

 

 

Zəngan, ey qaməti toprağa düşən,

Aslanlara vətən, nərlərə vətən.

Çələbi oğlunu becərdən sən sən,

Qalx, yad məni yaman günlərə saldı.

 

 

Bütün şərqə hekmət şuası saçan,

İrana fəlsəfə qapısı açan.

Söylə gələcəksən özünə haçan?

Bu halını gördüm qəlbim daraldı

 

 

Qara Quşun düşüb yerə  bayrağı,

Hidəcin oylağın alıbdır yağı.

Elmin qaynağısan, hekmət bulağı,

Toprağını öpən, fikrətə daldı.

 

Küçələrin gəzdi, Düzgün ağladı,

Söz qoşdu, şe´r yazdı, ürək dağladı.

Sənə bir dəstə gül-çiçək bağladı,

Onu da dargöz yad əlindən aldı.

 

Harası Varmış

 

Bir gün güldüm, bir gün susdum, ağladım,

Ömrün-günün ağı-qarası varmış.

Gülün qapısında tikan durandan,

Bülbülün köksündə yarası varmış.

 

Məni gətdin yeni dinə, imana

Saldın nədən qəm-qüssəyə, hirmana?

Qapına gəlmişəm gözəl dərmana,

Demişlər hər dərdin çarası varmış.

 

Ərdəbildən qavdın, Təbrizdən qavdın,

Düzgünü Xiyavdan, Herizdən qavdın.

Urmiyədən qavdın, evmizdən qavdın,

Zəngandan da qavsan, harası varmış?

 

Inam

 

Ana! ziyarətdən nədən doymursan?

Bir ay öncə getdin sən Xuarsana.

«Qərib İmam Riza» deyə çağırdın,

Nisgilin yağdırdın Azərbaycana.

 

Qapıdan bircə bağ sovzu almayan

Tək, burdan Dəmişqə-Məkkəyə gedir.

Bilir hara getsin, hara getməsin,

Anam yaxşı edir, hər nə ki edir.

 

 

Müqəddəsdir mənim anamın qoynu,

Onda həq qoxusu, həq nəzəri var.

Ruhu həq eşqiylə yoğrulmuş onun,

Hər zaman çiçəkdir, sanki növbahar.

 

Talei acıdır, günü qaradır,

«İmam Riza» kimi qəribdir anam.

Ömrün başa verir iyidcəsinə.

Onu diri saxlır e′tiqad, inam

 

Hekmət Bulağı

 

Hekmət bulağiymiş sözü anamın?

Nağılı nəğməsi təranələri.

Öyüdü, duası, hərbə-zorbası,

Qulağımda qalıb illərdən bəri.

 

Mə′nəvi dünyası, həyatı parlaq,

Nəğməsi ilahi, sözü ilahi.

Yüksək zirvələrdə yaşayır anam,

Diləyi ilahi, özü ilahi.

 

İlahi məhəbbət, ilahi vergi,

Sənindir, mənimdir bacım-qardaşım!

Belə bir zirvədən qopub gəlirəm,

Yadlar qarşısında ucalır başım.

 

Təvazu Kanı

 

Namazın başlayıb qurtarana dək,

Nur yağır anamın yan-yörəsindən.

Zülmətlərdən qalxıb baxan bayquş tək,

İllərdir heyranam bu halətə mən.

 

 

Nə qədər sözün var Allaha, ana!

Qəlbinin şəhrinə kim girə bilər?

Allah vermiş sənə iman gücünü,

Tükənməz dərdini yalnız o dinlər.

 

 

Bur-bucaq axtaran diri gözlərin,

Təvazö kanidir namaz qılanda.

Müqəddəs dünyada nə hekmətlər var,

Sən hayanda ana, oğlun hayanda?

 

 

Mən peşman – günəhkar yazıq oğlunam,

Çadıravın ətəyin öpdüm gözümlə.

Hüseyn Düzgünəm mən, yalan bacarmam,

Səni təhsin etdim doğru sözümlə.

 

Adət

 

Qalası deyiləm sizin bu yurdda,

Yolumu gözləyir gözəl vətənim.

Elimin ağrıyan yarasıyam mən,

Qəlbimi Təbrizdə basdırın mənim.

 

Badam ağacları güllənən gündə,

Göy Məsciddə qılın ölü namazın,

ərkin qoxusilə atirləndirin,

könlümün ən dərin raz-ö niyazın.

 

Bağışlamaq adət olmuş anama,

Yenə əfv edəcək günahlarımı.

Çaşsamda, caysamda, səhv eyləsəmdə,

Ona bəxş etmişəm bütün varımı.

 

Uşaqlıq Xatirəsi

 

Arzusunda varam, o axşamların,

Ki anam sulardı abpaşla yeri.

Sonra süpürəndə nəğmə deyərdi,

Anamın eşqinə bülbülün biri.

 

Ayın qursu yerin mülkün alanda,

Anam çağırardı «yerləri gətir.»

Və biz də sevinəcək açıb yük yerin,

Pəncərə içinə qoyardıq bir-bir.

 

Palazları anam sərərdi yerə,

Üstündən salardı yerlərimizi.

Yayın axşamıydı dığırladardıq,

Yerlərin üstündə bir-birimizi.

 

Üstümüzə anam çığırardı çox:

«Çəkilin balalar yerləri salım,

Sonra hər oyundan çıxırsız çıxın,

Bala qurban olum, dərdizi alım!»

 

 

Yərləri salandan sonra, anamız,

Bir yorqan içinə toplardı bizi.

Nağıla başlardı min məhəbbətlə,

Anamın gələndə köksünə sözü.

 

 

Bizdə seyr edərdik nağıl bağında,

Göylərdə tikərdik mərmər qəsirlər.

Anam ağzı sulu əfsanələrdən,

Verərdi bizlərə min şirin xəbər.

 

 

Vaxt olardı bacı- qardaşlarımla,

Anamın qoynunda yuxu alardıq.

Həyətə gələrdi gecə quşları,

Üstümüzə ay da sərpərdi işıq.

 

Bağış Dilə

 

Sulardan durudur aydan arıdır,

Sənin iki rəkət xalis namazın.

Əsrar qaynağıdır, sır qapısıdır,

Böyük Allah ilə raz-o-niyazın.

 

 

Nələr yatmış ana, qəlbində bilməm,

Alt-üst oluram sən namaz qılanda.

Gözündə sezirəm mirvariləri,

Göylərdən anacan vəhyin gələndə.

 

 

Mən sənə bağlıyam səndən almışam,

Dünyadan Allahdan hidayətimi.

Sənin duru dua, duru zikrində,

Tapmışam eşqimi nəhayətimi.

 

 

Düzgünəm bir ulu anaya bağlı,

Caysam da peşmanam tövbə edirəm.

Bağış dilə ana mənə Allahdan,

Sən gedən dosdoğru yolu gedirəm.

 

Damlacıq

 

Nurani-pirani anam var mənim,

Qur′an oxumağı öyrətmiş mənə.

Həqqə baş əyməyi, düzgün həyatı,

Sayqı bəsləməyi gözəl vətənə.

 

 

Əlif zəbər, be zir, cim zəbər, dal zən,

Deyə-deyə, məni şair eyləmiş.

Boyumu oxşamış dadlı dillərlə,

Mənə gecə-gündüz layla söyləmiş.

 

 

Sənin əməyini itirməz oğlun,

Fəzilət dəryası, gözəl anacan.

Uddurduğun mənə bir damlacıqdır,

Qoruyub saxlayır bizi bəladan.

 

Müqəddəs Arzulu Təbrizim Mənim

 

Sən mənim şe´rimin ruhuna döndün,

Müqəddəs arzulu Təbrizim mənim.

Silinmir könlümdən qəhrəman adın,

Müqəddəs arzulu təbrizim mənim.

 

 

Eşqini almışam ürəyimə, bil!

Mən ki yanındayam, gözlərini sil!

Danış bir, harda bəs dadlı-duzlu dil?

Müqəddəs arzulu Təbrizim mənim.

 

 

Man səndə tapmışam babək inadın,

Bahar güllərinin qoxusun dadın.

Çıxmaz xatirimdən heç zaman adın,

Müqəddəs arzulu Təbrizim mənim.

 

 

Ey mənim həyatım böyük amalım,

Eşqim, iftixarım, cah-o-cəlalım.

Səndən ayrılmazdır fikrim, xəyalım,

Müqəddəs arzulu Təbrizim mənim.

 

 

Sıxıntı içrə sən məni atmadın,

Təzə faşistlərə özün qatmadın.

Qəlbini özgiyə gedib satmadın,

Müqəddəs arzulu Təbrizim mənim.

 

 

Sənə bağlanıbdır bütün amalım,

Sənsiz indi axı pisdir əhvalım.

Gəl döyüş əzmiylə qoyma tək qalım,

Müqəddəs arzulu Təbrizim mənim.

 

Üç Qovl

 

 

İndi mənə qalmış bircə səklindir,

Gözümü tikmişəm şux gözlərinə.

Sənə inanmışam, sədaqətin var,

Ey ağır günlərdə xatirə mənə.

 

 

Gözəlim vəhşilər kəmində yatıb,

Sənə yağdırarlar çox bəla-qada.

Gəl mənim yanımda döyüş aparaq,

Axı üç qovlunu bir salsan yada:

 

 

Bir dedin: «sadiqəm sənə, dönmərəm,

Başqaları üçün fikrə dalmaram.»

Bir də məş′əlimi yerə qoymaram,

Eşqimsə toruna yadın salmaram.»

 

 

Hər zaman sözünə qoy inanım mən,

Bəşəriyyət bütün gözləyir səni.

Mənimlə qol-qola gəl gedək burdan,

Gəl gedək döyüşə, tək qoyma məni...

 

 

Sarsılda bilmədi tufanlar bizi,

Sənin eşqin böyük dayağım oldu.

Bu qaranlıq ağır uçrumlu yolda,

Mihriban gözlərin çırağım oldu.

 

 

İhanət eşitdim, vətənsiz qaldım,

Ağır sürgünlərə atdılar məni.

Təkcə sən qaldın ey qumral baxışlı!

Pul-çörək dostları satdılar məni.

 

 

Sən dedin: «həmişə gözlərəm səni.»

Ürəyimə mənim güc bağışladın.

Eşqinlə nəğmələr yazdım ha yazdım,

Döndü sərlövhəyə o gözəl adın.

 

 

Gəlməzdi xəyalə başıma gələn,

Görürsən ki nələr gəlir başıma.

Vətən olmayanda həyat da yoxdur,

Hər yanda qatdılar zəhər aşıma.

 

 

Söylə tutmasınlar gülüncə məni,

Vətən aşiqiyəm, fəxr dir mənə.

Əsrin cəlladının qullarına de,

Qurban olacaqdır canım vətənə.

 

 

Bu yoldan qorxmuram, yanılmıram da,

Həyatım bağlıdır bu yola mənim.

Sənidə hər zaman belə istərəm,

Vermə əməyimi bax bada mənim.